Akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş konfrans keçirildi

26.05.2016

    2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam oldu. Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərib və tibb alimi kimi Respublikada səhiyyə işinin təşkilinə töhfələr vermişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan akademik Vəli Axundovun 100 illik yubileyi ilə əlaqədar dövlət səviyyəsində müxtəlif tədbirlər keçirilir. 25 may 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da akademikin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirildi. Konfransı institutun rektoru professor N.A.Qasımov açaraq bildirdi ki, hər bir dövrün quruluşuna uyğun liderləri, hadisələrin gedişində həlledici rol oynayan şəxsiyyətləri olur. Vəli Axundov da Azərbaycana rəhbərlik etdiyi 1959-1969-cu illər ölkədə ictimai-siyasi vəziyyətin mürəkkəbliyinin yumşaldılması, mədəniyyət və incəsənət sahəsində böyük intibahı ilə tariximizdə parlaq bir səhifə kimi qalır. 10 il ərzində ölkəyə rəhbərlik etmiş şəxs kimi silinməz izlər qoyub getmiş Vəli Axundovun fəaliyyəti barədə çoxsaylı sənədlər, onun məruzə və çıxışları, 200-dən çox elmi əsəri, bir də xalqımızın yaddaşında əsl ziyalılıq və nəciblik təcəssümü kimi yaşaması amili dayanır. Qayğıkeş həkim, istedadlı alim, görkəmli ictimai xadim akademik Vəli Axundov haqqında ən dəyərli fikri onun 80 illik yubileyinin keçirilməsi haqqında fərman vermiş ümummilli lider Heydər Əliyev yubiley təntənəsi zamanı öz məruzəsində geniş şərh etmişdir. Heydər Əliyev Vəli Axundovun şəxsi məziyyətləri haqqında ürəkdolusu və böyük minnətdarlıq hissi ilə danışması hələ də ölkə ictimaiyyətinin yaxşı yadındadır. Ümummilli lider həmin illəri xatırlayaraq deyirdi: “Mən o illərdə, yəni Vəli Axundov Respublikaya rəhbərlik etdiyi illərdə onunla birlikdə, onun rəhbərliyi altında işləmişəm. Bilirsiniz ki, mən Dövlət Təhlükəsizliyi Komitəsində işləmişəm və iş prosesində onunla sıx əlaqədə olmuşam. Bəzən onun dərdini də hiss edirdim, çətinliklərini də. Onun ürək ağrısını görür, hiss edirdim. Bunların bəziləri obyektiv xarakter daşıyırdı, bəziləri də işlərin görülməsi üçün bəlkə də onun özünün lazımi imkanı olmamasından irəli gəlirdi”. 2016-cı il yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə akademik V.Axundovun 100 illik yubileyinin qeyd olunması qərara alınmışdır. Bizim bu gün keçirdiyimiz konfrans da həmin sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi daşıyır.
    Sonra institutun prorektoru dosent T.H.Eyvazov akademik Vəli Yusif oğlu Axundovun yubileyinə həsr olunmuş böyük məruzə ilə çıxış etdi. O, çıxışında qeyd etdi ki, akademik Vəli Axundov 1916-cı il mayın 14-də Bakı quberniyasının Saray kəndində fəhlə ailəsində anadan olmuşdu. 1929-cu ildə orta məktəbi, 1931-ci ildə isə Biləcəri stansiyasındakı fabrik-zavod sənət məktəbini V.Axundov daha sonra Bakı Sənaye Texnikumunda kimya şöbəsini bitirib. 1937-ci ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olub, 1941-ci ildə bu ali məktəbi bitirib. V.Axundov 1941-1945-ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı diviziyanın tərkibində hərbi həkimdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlib, Rusiya, Belarus, Almaniya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak edib. 1946-cı ildə ordudan tərxis olunan V.Axundov bir müddət müxtəlif vəzifələrdə çalışıb. 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri olub. 1953-1954-cü illərdə V.Axundov Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləyib. V.Axundov 1954-1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri vəzifəsində çalışıb. O, 1958-ci ilin fevralında Azərbaycan KP MK katiblərindən biri seçilib, bir qədərdən sonra - 1958-ci ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. 1959-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilən V.Axundobv respublikanın 10-cu rəhbəri olur. O, bu vəzifədə düz 10 il çalışıb. Həmin illər - 1959-cu ilin iyulundan 1969-cu ilin iyulunadək - Sovetlər İttifaqının, о cümlədən Azərbaycanın həyatında çox gərgin və mürəkkəb bir dövr olub.
    V.Axundov xalqını sevən, milli dəyərləri qoruyan bir rəhbər olmuşdur. Hələ, səhiyyə naziri işlədiyi dövrdə, 1956-cı ildə Ali Sovetin “Azərbaycan dili haqqında” fərmanından sonra səhiyyə naziri Vəli Axundov rəhbərlik etdiyi sahədə hamıya göstəriş vermişdi ki, xəstəlik tarixlərini Azərbaycan dilində yazsınlar və tibb sahəsində yazışmaları milli dildə aparsınlar. O, bir siyasi rəhbər kimi Nəriman Nərimanovu yüksək qiymətləndirirdi. Burada görünür, peşə etibarı ilə həkim olması da, az rol oynamırdı. Kommunist millətçiliyinin lideri kimi 50-ci illərin ikinci yarısında Nərimanova bəraət verildikdə, səhiyyə naziri Vəli Axundov 1957-ci ilin aprel ayında Azərbaycan Dövlət Tibb İnstitutuna N.Nərimanovun adının verilməsi barədə Respublika rəhbərliyinə məktubla müraciət etdi. Bu məktuba əsasən 1957-ci ilin aprel ayının 27-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Tibb İnstitutuna N.Nərimanovun adı verildi. 1959-cu ilin mart ayının 25-də Azərbaycan SSR Ali Sovetinin sessiyasıda V.Axundov “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və Azərbaycan SSR-də xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında” geniş məruzə ilə çıxış etmişdi. V.Axundov deyirdi: “Məktəblərimizdə uşaqlar rus dili ilə yanaşı olaraq Azərbaycan dilini öyrənirlər. Bu fənnin öyrənilməsi nəinki sovet xalqları arasındakı qardaşlıq və dostluğun sübutudur, həmçinin böyük əməli əhəmiyyətə də malikdir. Rus məktəblərində oxuyan şagirdlərin xeyli hissəsi Azərbaycanda anadan olmuşdur, məktəbi bitirdikdən sonra öz ata-anaları kimi respublikanın xalq təsərrüfatının müxtəlif sahələrində işləyəcəklər. Ünsiyyət vasitəsi olmaq etibarilə Azərbaycan dilini bilmək onlar üçün son dərəcədə vacibdir. Buna görə də dərs planlarında rus məktəblərində Azərbaycan dilinin öyrənilməsi nəzərdə tutulur”.
    Sonradan çıxış edən Mərkəzi Komitənin birinci katibi İmam Mustafayev, Ali Sovetin Rəyasət Heyətinin sədri İlyas Abdullayev də Nazirlər Sovetinin sədri Vəli Axundovla razılaşmışlar ki, indiki şəraitdə rus məktəblərində Azərbaycan dilini könüllülük əsasında öyrətmək mümkün deyil və belə qərara gəlmişlər ki, rus məktəblərində Azərbaycan dili icbari qaydada öyrədilməlidir və bu, qanunla təsbit edilməlidir. Bu müzakirələrdən sonra Ali Sovetin sessiyası “Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və Azərbaycan SSR-də xalq təhsilinin sonrakı inkişafı haqqında” qanunu qəbul etdi.
    V.Axundov Dövlət təhlükəsizliyi orqanlarında azərbaycanlıların təmsil olunması məsələsinə xüsusi fikir verirdi. 1930-cu ildən etibarən Azərbaycanda təhlükəsizlik orqanlarına bir nəfər də olsa azərbaycanlı başçılıq etməmişdi. Vəli Axundovun təşəbbüsü və təkidləri nəticəsində 1930-cu ildən sonra ilk dəfə 1967-ci ilin iyununda Respublika təhlükəsizlik orqanlarının rəhbərliyinə milliyyətcə azərbaycanlı gətirildi. Bu azərbaycanlı az sonra nəinki Azərbaycanın taleyində, eləcədə SSRİ həyatında mühüm rol oynamış Heydər Əliyev idi.
    V.Axundov 1956-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsi vermişdir. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş və akademiyanın səhiyyə sahəsinə rəhbərlik etmişdir.
    1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur. Hal-hazırda həmin institut akademik Vəli Yusif oğlu Axundov adına Milli ET Tibbi Profilaktika İnstitutudur. 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Xalqımızın unudulmaz oğlu Vəli Axundovun parlaq xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
    Sonra konfransda akademik Vəli Axundovla birgə işləmiş əməkdar elm xadimi, professor F.Ə.Sadıxova, professor R.H.Əliyeva çıxış edərək öz xatirələrindən danışdılar. Akademikin qızı Nigar Axundova öz çıxışında atası haqqında xatirələri ilə bölüşərək ölkə rəhbərliyinə akademik Vəli Axundova verilən qiymətə görə öz minnətdarlığını bildirdi.
    Konfrans akademik Vəli Axundova həsr olunmuş sənədli filmə baxış ilə öz işini başa çatdırdı.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX