Akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş
konfrans keçiriləcəkdir

16.05.2016

    2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam olur. Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərib və tibb alimi kimi Respublikada səhiyyə işinin təşkilinə töhfələr verib.
    V.Axundov xalqını sevən, milli dəyərləri qoruyan bir rəhbər olmuşdur. Hələ, səhiyyə naziri işlədiyi dövrdə, 1956-cı ildə Ali Sovetin “Azərbaycan dili haqqında” fərmanından sonra səhiyyə naziri Vəli Axundov rəhbərlik etdiyi sahədə hamıya göstəriş vermişdi ki, xəstəlik tarixlərini Azərbaycan dilində yazsınlar və tibb sahəsində yazışmaları milli dildə aparsınlar. O, bir siyasi rəhbər kimi Nəriman Nərimanovu yüksək qiymətləndirirdi. Burada görünür, peşə etibarı ilə həkim olması da, az rol oynamırdı. Kommunist millətçiliyinin lideri kimi 50-ci illərin ikinci yarısında Nərimanova bəraət verildikdə, səhiyyə naziri Vəli Axundov 1957-ci ilin aprel ayında Azərbaycan Dövlət Tibb İnstitutuna N.Nərimanovun adının verilməsi barədə Respublika rəhbərliyinə məktubla müraciət etdi.Bu məktuba əsasən 1957-ci ilin aprel ayının 27-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Tibb İnstitutuna N.Nərimanovun adı verildi.
    1959-cu ilin mart ayının 25-də Azərbaycan SSR Ali Sovetinin sessiyasıda V.Axundov “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və Azərbaycan SSR-də xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında” geniş məruzə ilə çıxış etmişdi. V.Axundov deyirdi: “Məktəblərimizdə uşaqlar rus dili ilə yanaşı olaraq Azərbaycan dilini öyrənirlər. Bu fənnin öyrənilməsi nəinki sovet xalqları arasındakı qardaşlıq və dostluğun sübutudur, həmçinin böyük əməli əhəmiyyətə də malikdir. Rus məktəblərində oxuyan şagirdlərin xeyli hissəsi Azərbaycanda anadan olmuşdur, məktəbi bitirdikdən sonra öz ata-anaları kimi respublikanın xalq təsərrüfatının müxtəlif sahələrində işləyəcəklər. Ünsiyyət vasitəsi olmaq etibarilə Azərbaycan dilini bilmək onlar üçün son dərəcədə vacibdir. Buna görə də dərs planlarında rus məktəblərində Azərbaycan dilinin öyrənilməsi nəzərdə tutulur”.
    V.Axundov Dövlət təhlükəsizliyi orqanlarında azərbaycanlıların təmsil olunması məsələsinə xüsusi fikir verirdi. 1930-cu ildən etibarən Azərbaycanda təhlükəsizlik orqanlarına bir nəfər də olsa azərbaycanlı başçılıq etməmişdi. Vəli Axundovun təşəbbüsü və təkidləri nəticəsində 1930-cu ildən sonra ilk dəfə 1967-ci ilin iyununda Respublika təhlükəsizlik orqanlarının rəhbərliyinə milliyyətcə azərbaycanlı gətirildi. Bu azərbaycanlı az sonra nəinki Azərbaycanın taleyində, eləcədə SSRİ həyatında mühüm rol oynamış Heydər Əliyev idi.
    V.Axundov 1956-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsi vermişdir. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş və akademiyanın səhiyyə sahəsinə rəhbərlik etmişdir. 1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur.
    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan akademik Vəli Axundovun 100 illik yubileyi ilə əlaqədar dövlət səviyyəsində müxtəlif tədbirlər keçirilir. 25 may 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da akademikin 100 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcəkdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX