Dəyirmi masada Respublikamızda narkoloji xidmətin müasir vəziyyəti
müzakirə olunmuşdur

12.04.2016

    Dünya ölkələri qarşısında duran ən mürəkkəb, sosial-iqtisadi, cinayət-hüquqi, mənəvi-psixoloji və tibbi cəhətdən mürəkkəb və çoxaspektli, ictimai təhlükəliliyi həddən artıq yüksək olan problemlərdən biri narkomanlıq və narkobiznesdir. Azərbaycanı da bu ölkələrin siyahısına əlavə etmək olar. Narkomaniyanın genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması, əksər dövlətlərdə olduğu kimi, Azərbaycanda da ciddi narahatlıq doğurur. Bu səbəbdən də mövcud problemin həlli üçün yollar araşdırılır, müxtəlif təkliflər irəli sürülür. Bu məqsədlə bir çox qərar və qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 2014-cü il 13.09 tarixli 276 nömrəli qərarı ilə “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram” təsdiq etmişdir. Proqramın məqsədi narkomanlıq xəstəliyinə düçar olmuş şəxsləri kompleks müalicə-reabilitasiya və resosializasiya tədbirlərinə cəlb edilməklə, narkotik vasitələrə və psixotrop maddələrə olan tələbatın azaldılması; proqram çərçivəsində narkotik istifadəçilərinin aşkar edilməsi və proqramlara cəlb edilməsi sisteminin yaradılması; narkotik istifadəçilərinin kompleks reabilitasiya və resosializasiya proseslərini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi; narkomanlığın müalicəsi ilə məşğul olan tibbi kadrların potensialının gücləndirilməsi; narkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi; əhali arasında narkomanlığın zərəri barədə maarifləndirmə işinin gücləndirilməsi; kompleks reabilitasiya kursunu müvəffəqiyyətlə başa çatdırmış narkotik istifadəçilərinin resosializasiya və postreabilitasiya sosial patronajlıq sisteminin təşkilidir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə isə narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin, habelə bu xəstəliklərə düçar olmuş və onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını almaq məqsədilə narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirlər müəyyən edilir və tənzimlənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələr bu qanunların həyata keşirilməsində vacib rol oynayırlar. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 11 aprel 2016-cı ildə Respublikamızda narkoloji xidmətin müasir vəziyyətinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.Dəyirmi masanı institutun rektoru professor N.A.Qasımov açaraq bildirmişdir ki, narkomaniya bütün bəşəriyyət üçün çox ciddi problem olmaqla təhlükəli neqativ fenomendir. Qeyd etmək lazımdır ki, 1997-ci ildə Bakı şəhərində təşkil olunmuş BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət və bununla bağlı problemlər üzrə Yardımçı Komissiyasının 32-ci sessiyasında söylədiyi nitqində Ümummilli Liderimiz Heydər Əliyev tamamilə düzgün olaraq göstərmişdir ki, «narkotiklərə nəzarət, narkomaniya və narkobiznes ilə mübarizə əsrimizin son illərində dünyada ümumbəşəri bir problem olmuşdur. Bu mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir». 2004-cü ilin yanvarında Bakıda keçirilmiş «Böyük ipək yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə» mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev göstərmişdir ki, «coğrafi mövqeyindən, ictimai-siyasi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir».
    Ə.Əliyev adına ADHTİ-nin kollektivi də tədbirlər planında müəyyən olunmuş tapşırıqların icrası ilə fəal məşğul olur. Belə ki, institutun terapiya, kardiologiya, pediatriya və digər kafedralarının tədris planlarına narkomaniyanın tibbi-sosial fəsadları barəsində mühazirə və seminarlar daxil edilibdir. Bunun nəticəsində Respublikamızın həkimlərinin xeyli hissəsi bu barədə məlumatlanır. Psixiatriya və narkologiya kafedrası təqvim planına əsasən hər il narkoloqlar, ilkin tibb səviyyəsinin həkimləri üçün bir neçə müvafiq kurslar keçirir. Kafedranın əməkdaşları tərəfindən Respublikamızda ilk dəfə həkimlər və rezidentlər üçün “Narkologiya” dərs vəsaiti hazırlanıb və hal-hazırda o çap ərəfəsindədir. Ötən il ərzində kafedra tərəfindən Sumqayıt, Quba şəhərləri və onlara yaxın bölgələrdə müxtəlif ixtisaslı həkimlər üçün narkotik və psxixoaktiv vasitələrin asılılığı və onların fəsadlarının xüsusiyyətləri barəsində seminarlar keçirilibdir. Bu mövzu həmçinin Naxçıvan Muxtar Respublikada keçirilən 2 həftəlik kursda da mühazirə və seminarlarda işıqlandırılmışdır.Bü günki “Narkologiyanın aktual məsələlərinə” həsr olunan birgə tədbirimiz səhiyyə işçilərinin bu istiqamətdə davam edən səylərinin nümunəsi kimi qəbul oluna bilər. Ümüdvaram ki,dəyirmi masada səslənən son elmi nailiyyətlər və yeniliklər həkimlərimizin gündəlik iş praktikası üçün yararlı olacaqdır.
    Dəyirmi masada Respublika Narkoloji Mərkəzinin direktoru T.S.Məmmədhəsənov “Respublikada narkoloji xidmətin mövcud vəziyyəti və görülən işlər”, Ə.Əliyev adına ADHTİ-nin psixiatriya və narkologiya kafedrasının professoru t.e.d. N.A.Əliyev “Psixoaktiv maddələrdən asılılığın medikamentoz müalicəsi”, Respublika narkoloji mərkəzin şöbə müdiri A.A.Məmmədova “Narkologiyada əvəzedici terapiyanın tətbiqi təcrübəsi”, Ə.Əliyev adına ADHTİ-nin psixiatriya və narkologiya kafedrasının müdiri t.e.d. T.Ə.Qafarov “Narkologiyada reabilitasiya tədbirlərinin beynəlxalq təcrübəsi” mövzularında çıxışlar etdilər.
    Dəyirmi masa iştirakçıları diskussiya apararaq nəzərə çatdırılan problemlər haqqında fikirlərini bildirdilər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX