Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

01.02.2016

    29 yanvar 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:
   
    1. Diplomdansonrakı təhsil proqramlarının yenilənməsi barədə.
                                                 Məruzəçi prorektor T.Eyvazov

    2. Distant təhsil proqramının pilot layihəsi haqqında.
                                                 Məruzəçi M.Aslanov
    3. Müxtəlif məsələlər.

    I məsələ üzrə prorektor dosent T.H.Eyvazov çıxış etdi. O çıxışında qeyd etdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun təşkil edilməsinə böyük önəm verilir. Tədris prosesində tətbiq edilmiş bir çox yeniliklərlə yanaşı tədris proqramlarının yeniləşdirilib bu konsepsiyanın standartlarına uyğunlaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bu işlərin təşkili və koordinasiyası üçün institutun rəhbərliyi tərəfindən xüsusi komissiyalar yaradılmışdır. İnstitutun nizamnaməsinə əsasən bütün tədris proqramları institut daxilində hazırlanmalı, sonradan Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi tərəfindın təsdiq olunmalıdır. İndiyənə qədər istifadə olunan proqramların tərtib olunmasından və təsdiqindən xeyli vaxt keçmişdir. Müasir təbabətdə baş vermiş bir çox yeniliklər, Davamlı Tibb Təhsili konsepsiyasının standartları, hal-hazırda tədrisdə istifadə olunan bir çox meyarlar bu proqramlarda öz əksini tapmalıdır. Ona görə də yaranmış komissiyalar bütün kafedraların tədris proqramlarını bu meyarlara uyğunluğu məsələsini araşdırmalı, üzə çıxan nöqsanların kafedra əməkdaşları tərəfindən aradan götürülməsinə nəzarət etməli və bütün proqramların eyni standartlara cavab verməsinə çalışmalıdırlar.
    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi. Bu zaman o qeyd etdi ki, komissiyalar üçün xüsusi təlimat hazırlanmış və həmin təlimatda yoxlanışların aparılması qaydaları göstərilmişdir. Eyni zamanda kafedralar üçün də oxşar təlimat hazırlanaraq tədris proqramalrının dəyişdirilərək üyğunlaşdırılacağı standartlar verilmişdir. Rektor həmçinin bildirdi ki, komissiyalar gördükləri işlər barədə ayda bir dəfə hesabat verəcəklər.
    II məsələ üzrə informatika texnologiyaları mütəxəssisi M.Aslanov çıxış etdi.O qeyd etdi ki, distant təhsil dünyanın bir çox inkişaf etmiş ölkələrində geniş yayılmışdır. Bu təhsil növünün ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. Ona görə də ilk əvvəl pilot layihələrdən başlamaq lazımdır.Distant təhsilin məzği ondan ibarətdir ki, təhsil almaq hər hansı bir zamandan və məkandan asılı olmur. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Distant təhsilə qoşulmaq üçün qeydiyyatdan keçib baza bilik səviyyəsini təyin etmək üçün test suallarına cavab vermək lazımdır. Müdavimin bilik səviyyəsi təyin edildikdən sonra təkmilləşmək istədiyi mövzunu ona seçmək təklif olunur. Təhsilin müddəti onun yığdığı ballara uyğun təyin edilir. Ball nə qədər yüksəkdirsə müddət də o qədər qısa olur. Təsil müddətində müdavimə onlayn mühazirələr oxunur, tapşırıqlar verilir və sonda test suallarının cavablandırılması aparılır. Cavablar yoxlandıqdan sonra ona kredit balları verilir və uyğun sertifikat təqdim olunur. Çıxışının sonunda M.Aslanov pilot layihəsinin texniki tərəfləri haqqında məlumat verdi.
    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək bu layihənin önəmli olduğunu qeyd etdi və bildirdi ki, göstərilən məsələləri təmin etmək üçün çox işlər görmək lazımdır. Layihə həyata keçdikdən sonra bu, həkim-dinləyicilərin ixtisasartırma təhsilində irəli atılmış mühüm bir addım olacaqdır.
    İclasın sonunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası işçiləri üçün qisamüddətli kurs, seminar və treninqlərin təşkil olunması məsələsinə baxılmışdır. İnstitutun rektoru professor N.A.Qasımov uyğun kafedralara tədris proqramlarını hazırlayıb kursların keçirilmə vaxtını tədris şöbəsi ilə əlaqələndirmək tapşırığı verdi. Bununla da Elmi Şura öz işini başa çatdırdı.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX