Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının açıq iclası keçirildi

27.06.2024

27.06.2024-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası genişlənmiş formatda institutun bütün kafedralarının professor-müəllim heyətinin iştirakı ilə keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 2024/2025-ci tədris ilinin təqvim planı haqqında. İnstitutun tədris prosesinin təşkili məsələləri.
2. Rezidentura şöbəsinin 2023/2024-cü tədris ili üçün hesabatı.
3. Ə.Əliyev adına ADHTİ-nin 90 illik yubileyinə aparılan hazırlıq tədbirləri haqqında.
İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor Nazim Qasımov institutun tibb üzrə alimlik adları və dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
Eyni zamanda rektor çıxış edərək bir qrup institut əməkdaşının Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Fəxri Fərmanla təltif olunmasını elan etdi. Həmin əməkdaşlara da Fəxri Fərmanlar təqdim olundu.
I məsələ üzrə prorektor dosent T.H.Eyvazov çıxış edərək bildirdi ki, 2024/2025-ci tədris ilinin təqvim planıın tərtibatında bütün ixtisasların əhatə olunması, ixtisaslar üzrə 2 həftəlik tematik kursların sayının 5 olmaqla təqvim ili ərzində 4 dəfə təkrarlanması, tematik kursların yenilənməsinin minimum 20% olması, icra olunan dövlət proqramlarının yerinə yetirilməsinin nəzərə alınması, peşə hazırlığı kurslarının keçirilməsi, yalnız distant kursların planlaşdırılması və seminar /treninqlərin ancaq sifarişlə keçirilməsi prinsipləri nəzərə alınmışdır. Tədris ilində keçiriləcək 716 ixtisasartırma kursuna 10397 müdavimin qatılacağı planlaşdırılır. Onlardan 26-sı səyyar, 9-u distant kurs olacaqdır. Sonra prorektor gələn tədris ilində kafedralarda tələbat olan mövzular üzrə kursların keçirilməsi haqqında xüsusi danışaraq həmin kursların müasir standartlara uyğun aparılmasının vacib olduğunu qeyd etmişdir.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirməlidirlər.
II məsələ üzrə rezidentura şöbəsinin müdiri Arzu Hüseynova çıxış edərək bildirdi ki, 2011-2023-ci illər ərzində instituta rezidentura təhsili üçün plan üzrə 889 qəbul yeri ayrılmışdır. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanların nəticəsində institutumuza 35 ixtisas üzrə 888 həkim rezident qəbul olmuşdur. Hal-hazırda 284 rezident təhsil alır, onlardan 6-sı əcnəbidir. Hal-hazırda rezidenturada hazırlıq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 noyabr 2021 tarixli 94 nömrəli əmri ilə təsdiq edilmiş siyahı üzrə klinik baza olaraq 47 dövlət və özəl müəssisədə aparılır. Yaxın zamanda bu siyahıya bir sıra özəl müəssisənin də daxil edilməsi gözlənilir. Beləliklə rezidentlərin hazırlığı üçün istifadə edə biləcək klinik bazalarımızın sayı daha çox olacaqdır. İlin sonunadək 94 həkim-rezidentin təhsil müddətinin bitməsi gözlənilir. 2024-2025 tədris ili üçün qəbul planında 28 ixtisas üzrə 50 yer ayrılmışdır. Eyni zamanda bir neçə ölkənin ali tibb təhsili müəssisələri ilə müqavilələr bağlanaraq 6 ölkə üzrə 184 həkim rezidentin xaricdə rotasiya keçməsi təmin olunmuşdur: Almaniya Federasiyası- 46, Rusiya Federasiyası- 3, Belarusiya- 6, Macarıstan-1, ABŞ-1, Türkiyə Cümhuriyyəti - 127 həkim-rezident. Sonra Arzu Hüseynova qeyd etdi ki,rezidentura şöbəsinin fəaliyyətinin optimallaşdırılmasının əsas yolları ixtisaslar üzrə rezidentura təhsil proqramlarının vaxtaşırı yenilənməsi, rezidentlərin üzərinə düşən akademik yükün artırılması, elektron kitabxanadan istifadə, simulyasion təbabətin imkanlarından istifadə, rezidentlərin yekun və dövrü imtahanlarının suallarının tərtibi, rezidentlərin davamiyyəti və növbələrin təşkilinə nəzarətdir. Eyni zamanda rezidentlərin üzərinə düşən akademik yükün artırılması orijinal məqalələrin yazılması, ədəbiyyat icmallarının yazılması, klinik hadisələrin müzakirəsi, elmi konfranslarda çıxışlar vasitəsilə həyata keçirilir. Bunun üçün elektron kitabxananın imkanlarından istifadə edilir. Tədris zamanı institutda mövcud olan mülyajlardan və simulyatorlardan istifadə olunması tədrisin keyfiyyətini dəfələrlə artırır.
İnstitutun rektoru professor N.A.Qasımov qeyd etdi ki, rezidentura təhsilinin keyfiyyətinin atrırılmasında rezidentlərin dərsə və növbələrə davamiyyəti,onların biliklərinin mütamadi yoxlanması ilə yanaşı həmin bilikləri mənimsənilməsi üçün şəraitin yaradılması da önəmlidir.
Gündəliyin III məsələsi üzrə çixiş edən Elmi Şura sədri professor Nazim Qasımov institutun 90 illik yubileyi və bu yubileyi yüksək səviyyədə keşirmək üçün aparilan işlər haqqında məlumat verdi. Rektor geyd etdi ki, 2025-ci ilin noyabr ayında institutun yaranmasının 90 ili tamam olur. Bu illər ərzində institut şanlı tarix yaşamış, tanınmış ali təhsil ocağına çevrilmişdir. Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar. İnstitutda aparılmış bir çox eimi-tədqiqat işləri yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin rifahı üçün çalışmış və indi də çalışırlar. Professor N.A.Qasımov çıxışını davam etdirərək institutun bu günkü günü və qarşıda duran vəzifələrdən danışdı.O qeyd etdi ki,ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daim diqqət mərkəzindədir. İnstitutun beynəlxalq əlaqələri də genişlənir, Rusiya Federasiyası Diplomdansonrakı Təhsil Akademiyası, Türkiyə Cumhuriyyəti İstanbul Universiteti, Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası, Qazaxıstan Davamli Tibbi Təhsil Universiteti, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Ali Səhiyyə Məktəbi və bir çox başqa tanınmış təhsil ocaqları ilə qarşılıqlı əlaqələr haqqında sazişlər imzalanmışdır.Beynəlxalq təhsil proqramı daxilində ABŞ, Almaniya, Böyük Britaniya, Niderland, Rusiya Federasiyası və Belçikadan olan mütəxəssislər institutda mühazirə və məşğələlər aparmışlar.
Rektor yubiley tədbirləri haqqında məlumat verərək bu tədbirlərin keçirilməsində cavabdeh olan əməkdaşlara tapşırıqların verildiyini bildirdi. İnstitutun 90 illik yubileyinə həsr olunmuş konfrans Azərbaycan Respublıkası Səhiyyə Nazirliyi ilə razilaşdırılaraq 2025-ci ildə keçiriləcəkdir. Konfransda Respublikanın tanınmış tibb alimləri və səhiyyə işçilərinin, institutumuzun əməkdaşlıq etdiyi bir çox xarici ölkə tibb təhsil ocaqlarının rəhbərləri və alimlərinin iştirakı gözlənilir. Konfransin təntənəli açıiış mərasimindən sonra təbabətin aktual məsələlərinə həsr olunmuş plenar iclas keçiriləcəkdir. Sonra rektor Elmi şura üzvlərinin nəzərinə çatdırmışdır ki, institutun yubileyinə həsr olunmuş buklet, elmi işlər məcmuəsi və sənədli film hazırlanır. Eyni zamanda Аzərbaycan Tibb Jurnalının institutun 90 illik yubileyinə həsr olunmuş buraxılışı üzərində işlər aparılır. Məruzəçi sonda institutun saytının da yeniləşdirilməsi üzrə işlərin aparılması haqqında məlumat verərək bütün yubiley tədbirlərinin orada öz əksini tapacağını söylədi.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.





Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX