Diş əti Xəstəlikləri və Ailə Həkimləri maarifləndirmə kampaniyası Azərbaycan dilində tərtib olunmuşdur

07.06.2024

Diş əti xəstəlikləri insanların sağlamlığına və həyat tərzinə ciddi şəkildə təsir edən geniş yayılmış, xroniki və qeyri-yoluxucu xəstəliklərdir. Ağır dərəcəli parodontit yayılma intensivliyinə görə dünyada 6-cı yeri tutur və 800 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Müalicə edilmədiyi halda parodontit diş itkisinə səbəb olur, bu da insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünə inamın azalması və həyat keyfiyyətinin aşağı düşməsi deməkdir.
Avropa Parodontologiya Federasiyası (EFP) və Dünya Ailə Həkimləri Assosiasiyalarının (WONCA Europe) birgə təşkilatçılığı ilə Madrid şəhərində parodontologiya və ailə təbabətinə həsr olunmuş və hər iki təşkilatın aparıcı mütəxəssislərinin cəlb olunduğu qurultayda diş əti xəstəlikləri ilə şəkərli diabet, tənəffüs orqanlarının xəstəlikləri və ürək-damar xəstəlikləri kimi xroniki və qeyri-yoluxucu xəstəliklər arasında əlaqə mövcud olan ən son sübutlara əsasən təhlil olunmuşdur. Qurultayda tənəffüs orqanlarının xəstəlikləri ilə əlaqədar olaraq, parodontit və xroniki obstruktiv ağciyər xəstəliyi, obstruktiv yuxu apnesi və Covid-19 ağırlaşmaları kimi hallar arasında müsbət əlaqələr müəyyən edilmişdir. Ürək-damar xəstəlikləri isə parodontitin sistemli iltihab, endotelial disfunksiya və gələcəkdə ürək-damar xəstəlikləri hallarının artması ilə əlaqələndirilmişdir. Üstəlik, son sübutlar göstərir ki, diş əti xəstəliklərinin müalicəsi kardiometabolik riski və sistemli iltihabı azaltmaq da daxil olmaqla, ümumi sağlamlığın yaxşılaşmasına gətirib çıxarır.
Qurultayın yekun nəticələrindən ərsəyə gələn, infoqrafikalar və animasiyalar da daxil olmaqla bir sıra informativ materiallardan ibarət olan Diş əti Xəstəlikləri və Ailə Həkimləri (Perio&Family Doctors) maarifləndirmə kampaniyasının məqsədi dünyada və ölkəmizdə ağız boşluğu sağlamlığı mütəxəssislərinin və ailə həkimlərinin parodontologiya və ailə təbabəti arasındakı sinergiyanı daha yaxşı nəzərə alaraq xəstələrə göstərilən səhiyyə xidmətinin necə yaxşılaşdıra biləcəkləri barədə məlumatlılığı təşviq etməkdir. Bu kampaniya diş əti sağlamlığının insanların rifah halı sıx əlaqəsini və diş əti xəstəlikləri ilə xroniki sistem xəstəliklər arasında əhəmiyyətli əlaqələri sübut edən biliklərə əsaslanır və ailə həkimlərinin diş əti xəstəliklərinin profilaktikası və erkən aşkarlanması ilə əlaqəli məlumatlılığın və mövcud biliklərin yenilənməsini nəzərdə tutur. Bundan əlavə, kampaniya parodontoloqlara və stomatoloq, üz-çənə cərrahı, restorativ stomatoloq, endodont, ortoped stomatoloq, uşaq stomatoloqu, ortodontlar kimi digər ağız boşluğu sağlamlığı mütəxəssislərinə ürək-damar xəstəlikləri, şəkərli diabet və digər qeyri-yoluxucu xəstəliklərin profilaktikası, aşkarlanması və birgə müalicəsi üçün strategiyaların təmin edilməsinə yönəlib. Ağız boşluğu sağlamlığı mütəxəssisləri və ailə həkimləri arasında əməkdaşlıq, xəstələrdə müalicənin keyfiyyətinin, effektivliyinin və fəallığının artırılması üçün böyük potensiala malikdir.
Avropa Parodontologiya Federasiyasının Diş əti Xəstəlikləri və Ailə Həkimləri maarifləndirmə kampaniyası Azərbaycan Parodontologiya Cəmiyyətinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Parodontologiya kafedrasının dosenti, Cəmiyyətin İdarə Heyətinin prezidenti Cavid Əhmədbəyli, Cəmiyyətin layihələr koordinatoru, tibb üzrə fəlsəfə doktoru Hikmət Baxışov və Azərbaycan Tibb Universitetinin Stomatologiya Fakultəsinin tələbəsi Davud Sucayev tərəfindən Azərbaycan dilində tərtib edilmişdir.

Diş əti xəstəlikləri və Ailə Həkimləri (Perio&Family Doctors) - Ağız boşluğu sağlamlığı mütəxəssisləri üçün video animasiya:
https://bit.ly/3RjHKSC

Diş əti xəstəlikləri və Ailə Həkimləri (Perio&Family Doctors) – Ailə həkimləri üçün video animasiya:
https://bit.ly/3V92xJQ

Ətraflı: www.perio.az/perioailehekimi



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX