16 yanvar 2024-cü ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir. İclasda elmi işlərin mühüm nəticələri müzakirə olunmuşdur. Biologiya və tibb elmləri üzrə bölmənin sədri, Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova geniş məruzə iə çıxış etmiş və elmi işlərin mühüm nəticələrini iştirakçılara çatdırmışdır. Çıxışda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yerinə yetirilmiş 4 elmi-tədqiqat işi xüsusi qeyd edilmişdir:
1. Ümumi və plastik cərrahiyyə kafedrasının doktorantı İsmayıl Mübariz oğlu Əsgərovun yerinə yetirdiyi “Şəkərli diabeti olan xəstələrdə aşağı ətraf venalarının varikoz xəstəliyinin müalicəsində endovenoz lazer ablasiya nəticələrinin optimallaşdırılması” mövzusunda elmi-tədqiqat işi (elmi rəhbər, tibb elmləri doktoru, professor N.A.Qasımov).
2. Terapiya kafedrasının doktorantı Aytən Kəmaləddin qızı Musayevanın yerinə yetirdiyi “Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyinin bronxitik fenotipində hemodinamik pozulmaların funksional və metabolik prediktorları” mövzusunda elmi-tədqiqat işi (elmi rəhbər t.e.d. N.A.Fərəcova)
3. Terapiya kafedrasının doktorantı Türkanə Niyazi qızı Rəhimovanın yerinə yetirdiyi “Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi ilə arterial hipertenziya komorbidliyinin funksional-metabolik xüsusiyyətləri və antihipertenziv terapiyası” mövzusunda elmi-tədqiqat işi (elmi rəhbər t.e.d. N.A.Fərəcova).
4. Terapiya kafedrasının əməkdaşları dosent Sədaqət Sultanova, dosent Nərgiz Hüseynova, assistent Aygün Hüseynova, baş laborant Aygün Əliyeva, baş laborant Sevil İsmayılova, baş laborant Ülkər İmaməliyeva, baş laborant Natiqə Hüseynzadə, baş laborant Ətrabə Azadovanın “Şəkərli diabet və prediabetin skrininqinin, diaqnostik meyarlarının optimallaşdırılması, effektiv müalicənin tətbiqi” mövzusunda elmi-tədqiqat işi (elmi rəhbər t.e.d. V.A.Mirzə-zadə).
Akademik İradə Hüseynova öz məruzəsində “Şəkərli diabet və prediabetin skrininqinin, diaqnostik meyarlarının optimallaşdırılması, effektiv müalicənin tətbiqi” mövzusunun nəticələrini xüsusilə vurğulamışdır. Çünki, prediabetin diaqnostikası, skrininqi və komorbid vəziyyətlərlə qarşılıqlı əlaqəsinə dair aparılan tədqiqatın nəticələri Böyük Britaniyanın paytaxtı Londonda dərc olunmuş monoqrafiyada fəsillərdən biri kimi yer almışdır. Bununla yanaşı bu mövzuda jurnallarda çoxsaylı məqalələr, tezislər dərc olunmuşdur. Həmçinin alınmış nəticələr Beynəlxalq Diabet Federasiyasının, Amerika Endokrin Cəmiyyətinin, Amerika Klinik Endokrinoloqlar Assosiasiyasının təşkil etdiyi beynəlxalq konqreslərdə və Fransada keçirilən II Beynəlxalq Konfransda da təqdim edilmişdir.