NEKROLOQ

12.01.2024

Azərbaycan səhiyyəsinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsrafilbəyli Solmaz Hüseyn qızı ömrünün 95-ci ilində vəfat etmişdir.
Professor S.H.İsrafilbəyli 1928-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, həkim kimi əmək fəaliyyətinə Xızı rayonunda başlamışdır. 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bazasında mamalıq və ginekologiya ixtisası üzrə aspiranturaya daxil olmuş və 1960-cı ildə "Nisbi göstərişlər əsasında aparılan Sezar kəsiyi əməliyyatı məsələsinə dair" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Solmaz İsrafilbəyli 1960-cı ildən Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda əvvəl assistent, 1967-ci ildən isə dosent vəzifəsində çalışmışdır. 1968-ci ildə isə ona adı çəkilən institutun mamalıq və ginekologiya kafedrasının müdiri vəzifəsi həvalə edilmişdir. O, elmi-tədqiqat işlərini davam etdirərək 1974-cü ildə "Müxtəlif yaş dövründə olan qadınlarda endemik ur xəstəliyinin yumurtalıqların funksiyasına təsiri" mövzusunda doktorluq dissertasiyası üzərindəki işini başa çatdıraraq müdafiə etmişdir. 1978-ci ildə ona professor elmi adı verilmişdir.
Solmaz xanım Ə. Əliyev adina ADHTİ-nin mamalıq və ginekologiya kafedrasına 2012-ci ilə qədər rəhbərlik etmiş və bundan sonrakı illərdə də elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.
Professor Solmaz İsrafilbəyli 180 elmi işin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 13 namizədlik (tibb üzrə fəlsəfə doktorluğu) və 3 doktorluq dissertasiyası işlənilərək müdafiə edilmişdir.
Solmaz xanım uzun illər Azərbaycan Mama və Ginekoloqlarının Elmi Cəmiyyətinin sədri kimi çalışmış, 1982-1989-cu illərdə Respublika Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu vəzifəsini yerinə yetirmişdir. Professor Solmaz İsrafilbəyli 1987-ci ildə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tanınmış alim, savadlı həkim və elm təşkilatçısı professor Solmaz Hüseyn qızı İsrafilbəylinin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin



Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX