11-13 oktyabr 2023-cü il tarixində Azərbaycandakı Ümundünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən təşkil edilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "İmmunizasiyadan sonra arzuolunmaz halların epidemioloji müşahidəsi və səbəb-nəticələrinin qiymətləndirilməsi sahəsində müasir yanaşmalar" mövzusu üzrə seminar keçirilmişdir. Seminarda Səhiyyə Nazirliyi, İTS, TƏBİB, Azərbaycan Tibb Universiteti, Ə.Əliyev adına ADHTİ, müxtəlif şəhər və rayonların Qiqiyena və Epidemiologiya Mərkəzlərinin 40-a yaxın əməkdaşı iştirak edirdi.
Seminarın əsas aparıcıları ÜST-nın Avropa Ofisinin nümayəndəsi Oleq Benes və ÜST-n eksperti Yuriy Perevozçikov idilər. Ekspertlər COVİD-19 vaksinlərinin təsirlərinə, vaksinasiyadan sonra stress reaksiyalarına və digər məqamlara dair bir neçə təqdimatla çıxış etdilər. Eyni zamanda ÜST-n ABŞ, Avropa, Estoniya, Gürcüstan nümayəndəliklərinin mütəxəssisləri də online şəkildə seminara qoşuldular.
Seminarda Ə.Əliyev adına ADHTİ-nin mikrobiologiya və epidemiologiya kafedrasının müdiri t.ü.f.d. Nigar Mütəlibova, pediatriya kafedrasının dosentləri Nigar Hacıyeva və Sənubər Vəliyeva da iştirak etdilər. Tədbirin sonunda iştirakçılar proqramda nəzərdə tutulan qrup işinə cəlb olundular. Qruplara immunizasiyadan sonra arzuolunmaz halların müxtəlif aspektlərinə dair ölkə daxilində yanaşmaya aid təklifləri vermək həvalə olundu.
1-ci qrupun işini dosent Nigar Hacıyeva təqdim edərək ölkədə farmakonəzarətin yaradılması və həyata keçirilməsinə dair qrupun təkliflərini səsləndirdi. İmmunizasiyadan sonra arzuolunmaz halların (İSAH) qeydiyatı üçün ilkin səhiyyədə çalışan həkimlərin istifadəsində rahat formanın tərtibi və tədbiqi, Səhiyyə Nazirliyi və TƏBİB arasında məlumatlar mübadiləsinin yaradılması, vəzifə bölgülərini təmin etmək üçün görüşlərin keçirilməsi və digər təkliflər qrup adından bildirildi.
2-ci qrupun işini t.ü.f.d. Nigar Mütəlibova təqdim etdi. O, çıxışında İSAH-la bağlı mövzuların ATU və Ə.Əliyev adına ADHTİ-nin tədris proqramlarına daxil edilməsinin, təlim proqramlarının hazırlanması zəruriliyinin, İSAH-ın müşahidəsi və qiymətləndirilməsi ilə məşğul olacaq komitənin yaradılması üçün lazımi sənədlərin hazırlanmasının vacibliyini bildirdi.