Azərbaycan Ortodontlarının Peşəkar Cəmiyyətinin “Ortodontiyada yeniliklər” adlı II regional konfransı keçirilmişdir

27.05.2023

26 may 2023-cü il tarixində Sumqayıt şəhərində Azərbaycan Ortodontlarının Peşəkar Cəmiyyətinin (APOC) Ulu öndər H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ortodontiyada yeniliklər” adlı II regional konfransı keçirilmişdir.
Konfransda Səhiyyə Nazirliyinin sromatologiya üzrə mütəxəssis-eksperti professor N. Pənahov, Sumqayıt şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini F.Kazımov, ATU-nun Stomatoloji Klinikasının direktoru t.ü.f.d. M. Səfərov, AOD-un təsisçisi Z. Zeynalov, APOC-nin prezidenti dosent Z. Qasımova və APOC-nin vitse-prezidenti İ. Süleymanov təbrik nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlamış, Ulu öndər Heydər Əliyevin Azərbaycanın tibb sahəsindəki rolundan bəhs etmişlər.


Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş
konfransın açılış mərasimi 26 may 2023-cü il

Dəvət edilmiş qonaqların içərisində ATU-nun uşaq stomatologiyası kafedrasının əməkdaşları dosent R.Şadlinskaya, baş laborant M. Cabbarova, ATU-nun ortopedik və ağız və üz-çənə cərrahiyəsi kafedrasının dissertantları M. Rəsulova, L.Əliyeva, Sumqayıt və Bakı şəhərlərində stomatoloji klinikaların baş həkimləri də olmuşlar. Konfransda Azərbaycanın müxtəlif bölgələrindən 100-dən çox ortodont iştirak etmişdir.


Konfrans iştirakçıları

Konfransda APOC-nin sədri dosent Qasımova Z.V. “Azərbaycanda ortodontiyanın inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir. O, ortodontiya kafedrasının bu ixtisaslı kadrların hazırlanması və inkişafı istiqamətində gördüyü işlərdən danışmışdır. Bu günə kimi 18 modul tipli 2 həftəlik kurslar keçirilib və kursantların sayı hər kursda artır ki, bu da gələcəkdə ortodont sertifikatı almaq arzusunda olan stomatoloqlarda böyük marağın yarandığını göstərir. Kafedranın kollektivi müdavimlərin ixtisaslarının artırılması və onların ortodontiya ixtisası üzrə sertifikasiya imtahanına hazırlaşmaları üçün yüksək səy göstərir. Ortodontiya ixtisası üzrə imtahan suallarının və klinik tapşırıqların hazırlanması istiqamətində də işlər aparılır.


ADHTİ-nin ortodontiya kafedrasının əməkdaşlarının çıxışları

Kafedranın fəaliyyət göstərdiyi bir il ərzində əməkdaşlar 2022-ci ildə Moskva və Sankt-Peterburqda (Rusiya), 2023-cü ildə Luksorda (Misir) ortodontiya üzrə keçirilmiş beynəlxalq konfranslarda, o cümlədən Ə.Əliyev adına ADHTİ-da keçirilmiş akademik Zərifə xanış Əliyevanın yubileyinə həsr olunmuş konfransda tam tərkibdə çıxış etmiş,elmi məqalə və tezislər dərc etdirmişlər.
Sonra Ziba Qasımova konfrans iştirakçılarına təqdimatların təşkili və ortodontik sənədlərin doldurulması ilə bağlı tələblər haqqında məlumat vermiş və gələcəkdə sertifikasiya imtahanından keçə bilmələri üçün bütün ortodontlara təklif olunan protokola uyğun olaraq xəstələrə rəhbərlik etməyi tövsiyə etmişdir.
“SB Megadent” klinikasının həkimi T.Məmmədov “Üz-çənə nahiyəsinin asimmetriyalarının ortodontik müalicəsi” mövzusunda növbəti məruzə ilə çıxış edərək, gicgah-çənə oynağı xəstəliklərinin diaqnostikasının yeni üsullarını nümayiş etdirdi və əyani olaraq klinik nümunələrlə belə pasiyentlərin müalicəsinin nəticələrini göstərdi.
“Sumqayıt şəhərində ortodontik xidmətin vəziyyəti və AGS-Dental klinikasında ortodontik yardımın təşkili” mövzusunda məruzə ilə çıxış edən Sumqayıt şəhər həkimi S.Tağıyeva bu regionda uşaq stomatoloji xidmətinin və eləcə də ortodontiyanın vəziyyətindən danışdı. Statistik məlumatlara görə, Sumqayıt şəhərinin əhalisi 500 min nəfərdən ibarətdir ki, bunun da 80 min 518 nəfərini 13 yaşa qədər uşaqlar, 20 min 823 nəfərini isə 14-17 yaşlı yeniyetmələr təşkil edir. Uşaq Dövlət Stomatoloji Poliklinikasına illik müraciətlərin sayı 99394, onlardan ilkin müraciətlərin sayı 72629 olmuşdur.
Sonra həkim çıxan və çıxmayan cihazlarla pasiyentlərin müalicəsi hallarını nümayiş etdirərək bildirdi ki, Sumqayıtdan olan bir çox həkimlər ortodontiya kafedrasında təkmilləşmə kursları keçmiş və gələcəkdə də bu prosesi davam etdirərək əhaliyə göstərəcəkləri ortodontik yardımın səviyyəsini daha da artıracaqlar.
Ortodontiya kafedrasının assistenti G.Əliyeva “Kim üsulu ilə sefaloqramların hesablanması metodikası” mövzusunda təqdimatla çıxış etdi. O, klinik nümunələrdən istifadə edərək, sonrakı müalicə planının tərtib edilməsini və yaxşı klinik nəticələr əldə etmək üçün sefaloqramın düzgün oxunmasının vacibliyini göstərdi.
Kafedranın dissertantı V.Vəliyevanın dissertasiya işinin materialları əsasında hazırlanmış “Ortodontiyada residivlər – səbəbləri və profilaktik tədbirlər” mövzulu məruzəsi böyük maraq yaradaraq müzakirələrə səbəb oldu. Təqdimatda çoxsaylı klinik nümunələr əsasında residivlərin səbəbləri göstərildi və onların qarşısının alınması üsulları təklif olundu.
Ə.Əliyev adına ADHTİ-nin ortodontiya kafedrasının rezidentləri A.İsayeva və S.Məmmədov pasiyentlər haqqında geniş klinik məlumat bazasından istifadə edərək (11000-dən çox) sagittal dişləm anomaliyalarının (mezial və distal) müxtəlif növ şaquli və transverzal dişləmlərlə birləşməsinin statistik təhlilini aparmış, həmçinin ortodontik pasiyentlərin müalicəsinin nəticələrini onun bütün mərhələlərinin müzakirəsi ilə nümayiş etdirdilər.
Konfransda APOC üzvləri olan praktik həkimlər də klinik vəziyyətlərin nümayişi və onların müzakirələri ilə çıxış etdilər. “Ortodontiyanın klinik praktikasında 2D linqval breketlərin tətbiqi” mövzusu ilə APOC-nin vitse-prezidenti İ.Süleymanov, “Dişlərin retensiyası, etiologiyası və müalicəsi” mövzusu ilə Gəncədən həkim G.Mərdanova, “Endokrin patologiyalı pasiyentlərdə dentoalveolyar anomaliyaların müalicəsi” mövzusu ilə ATU-nun üz-çənə cərrahiyəsi kafedrasının dissertantı L. Əliyeva çıxışlar etmişlər. Doktor S.Allahverdiyeva müvəqqəti dişlərin müasir plomb materialları və xüsusi ortopedik cihazların köməyi ilə vaxtında müalicəsinin zəruriliyindən danışmış, həkim L.Əsədova müxtəlif yaş qruplarından olan ortodontik xəstələrdə çıxan və çıxmayan aparatlardan istifadə təcrübəsini bölüşmüşdür.


APOC üzvlərinin çıxışları

“Ortodontiyanın biomexaniki aspektləri” adlı məruzəsi ilə çıxış edən ortodontiya kafedrasının dosenti O.Qasımov dişlərin hərəkəti məsələlərində fizika qanunları haqqında biliyin vacibliyini, ortodontik müalicənin sonunda ideal kontaktlar əldə etmək üçün qüvvələrin düzgün hesablanması və onların hərəkət istiqamətinin zəruriliyini göstərmişdir.
Sonda konfrans iştirakçıları respublika əhalisinə yüksək ixtisaslı ortodontik yardımın göstərilməsi məqsədilə gələcəkdə də Azərbaycanın müxtəlif regionlarında ortodontiya üzrə ixtisaslaşmış konfransların sistemli şəkildə keçirilməsi haqqında qərar qəbul etmişlər.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX