1 aprel 2023-cü il tarixində Danimarkanın Helsingor şəhərində Avropa Parodontologiya Federasiyasına üzv olan 37 ölkənin iştirakı ilə Federasiyanın Baş Assambleyası keçirildi. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, parodontoloq Cavid Əhmədbəyli tərəfindən təmsil olundu.
Baş Assambleyanın gündəliyində əsas məsələlərindən biri Federasiyanın 2026-cı ildə keçiriləcək növbəti “Perio Master Clinic” konfransı olmuşdur. Bu konfransa ev sahibliyi etmək uğrunda mübarizə Bakı və Finlandiyanın Helsinki şəhərləri arasında bir ilə yaxındır davam edirdi. Cavid Əhmədbəyli Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə hazırlanan təqdimatında Bakı şəhərinin işgüzar tədbirlər üzrə potensialı ilə bağlı nümayəndələrə ətraflı məlumat vermişdir.
1000-dən çox mütəxəssisin iştirakı nəzərdə tutulan beynəlxalq konfransın 2026-cı ilin 6-7 mart tarixlərində Azərbaycanda Bakı Konqres Mərkəzində keçirilməsi Avropa Parodontologiya Federasiyasına üzv olan ölkələrinin gizli səsverməsi nəticəsində təsdiq olunmuşdur, təşkilat komitəsi sədrliyi Cavid Əhmədbəyliyə, elmi komitənin sədri vəzifəsi isə İspaniyanın Madrid Komplutense Universitetinin professoru Mariano Sanza həvalə edilmişdir.
Avropa Parodontologya Federasiyası 1991-ci ildə təsis edilən və Avropada 16000-ə yaxın ağız boşluğu sağlamlığı mütəxəssislərinin və alimlərinin üzv olduğu 37 milli parodontologiya cəmiyyətini özündə cəmləşdirindən, tibbin parodontologiya sahəsi üzrə elmi və diş əti sağlamlığının əhəmiyyətini təbliğ edən, əsas şuarı “daha yaxşı həyat üçün sağlam diş əti” olan nüfuzlu beynəlxalq təşkilatdır. Avropa Parodontologiya Federasiyasının 2017-2022-ci illərdə assosiativ üzvü, 2022-ci ildən tam hüquqlu üzvü olan Azərbaycan Parodontologiya Cəmiyyətinin məqsədi ölkəmizdə parodontologiyanın inkişafına yardım etmək, həkimlərə və ictimaiyyətə dişlər və implantlar ətrafında diş əti sağlamlığının qorunub saxlanması və diş əti xəstəliklərinin ciddiyyəti, bu xəstəliklərin müasir biliklərə əsaslandırılmış erkən diaqnostikası və müalicəsinin əhəmiyyətini gündəmə gətirməkdən ibarətdir.