Azərbaycanda 2021-ci ildən başlayaraq ÜST Azərbaycan nümayəndəliyi tərəfindən USAİD/Azərbaycanın dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə əməkdaşlıqda “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdirilması və yerli mütəxəssislərin bilik və bacarıqlarinın yenilənməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam edir. Həmin tədbirlər çərçivəsində 13.02.2023-21.02.2023 və 23.02.2023-03.03.2023 tarixlərində Ə.Əliyev adına ADHTİ kafedralarının əməkdaşları üçün “Tədrisçinin təməl bacarıqlarının inkişafı” adlı 2 kurs təşkil olunmuşdur. Kursun məqsədi tibbi tədrisçilərə yeni bilik və bacarıq qazandırmaqla bu sahədəki insan resurslarının gücləndirilməsinə dəstək olmaqdır.
Təlimlərə Türkiyədən dəvət olunmuş ÜST eksperti Özləm Mıdıklə yanaşı institutumuzun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Ayşən Qasımova və baş laborantı Pərvanə Əhədova, mikrobiologiya və epidemiologiya kafedrasının assistenti Sahib Kərimov və əczaçılıq kafedrasının baş laborantı Nurlanə Hacılı təlimçi kimi cəlb olunmuşdular. Təlimlərdə pediatriya, terapiya, əczaçılıq, səhiyyənin təşkili və menecmenti, mamalıq və ginekologiya, şüa diaqnostikası, stomatologiya və üz-çənə cərrahiyyəsi, mikrobiologiya və epidemiologiya, klinik laborator diaqnostika, oftalmologiya, ailə təbabəti kafedralarının əməkdaşları iştirak etmişlər.
Ə.Əliyev adına ADHTİ-nin təlimçiləri bu kurslardan əvvəl ATU-nun tibb və sağlamlıq elmləri təhsili kafedrasında Özləm Midik tərəfindən keçirilən “Professionalizm” adlı seminarda da iştirak etmişlər.
Təlimçilərin təlimi modeli əsasında keçirilən bu təlimləri bitirən institutumuzun nümayəndələri tədris fəaliyyətlərində öyrəndikləri bilik və bacarıqları həmkarları ilə bölüşəcək, yeni yanaşmaları tədbiq edəcəklər.
Axırda təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim olundu. Bu kursların il ərzində davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.