16 dekabr 2023-cü il tarixində Bakı şəhərində Ritz-Carlton hotelində Quintessence Azərbaycan və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə Quintessenz Azərbaycanın 2-ci beynəlxalq konfransı keçirilmişdir. Tədbirdə 200 nəfərə yaxın yerli və xarici həkim, rezident və tələbə iştirak etmişdir.
Bu tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun parodontologiya kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli “Peri-implant xəstəliklərin profilaktikası və müalicəsi” və kafedranın assistenti, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədov “Estetik bölgədə implantasiya” mövzularında məruzələr ilə çıxış etdilər.
İmplantətrafı toxumaların iltihabi xəstəliklərinin mövcudluğu və onlara qarşı mübarizənin aparılması, bu kimi xəstəlikləri olan insanlarda məlumatlılığın təşviq edilməsi və ağız boşluğu sağlamlığınının təmin olunması, xəstəliklərin Avropa Parodontologiya Federasiyasının yeni nəşr olunmuş rəhbərliyi əsasında erkən diaqnostikası, profilaktikası, qeyri-cərrahi və cərrahi müalicəsinin əhəmiyyəti haqqında ətraflı məlumat Cavid Əhmədbəyli tərəfindən konqres iştirakçılarına təqdim olunmuşdur.
Aslan Məmmədov tərəfindən ağız boşluğunun estetik nahiyyəsində dişlərin çəkilməsindən sonra sümük qüsurunun təhlili, implanların 3 boyutlu planlaması və cərrahi tətbiqi, implant ətrafı sərt və yumşaq toxumaların biomateriallar ilə aqumentasiyasının, həmçinin implantüstü qapaqların dərhal yerləşdirilməsinin ən son elmi sübutlara əsaslanan müalicə üsulları haqqında ətraflı məlumat verilmişdir.
Məruzələr konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.