Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının açıq iclası keçirildi

29.06.2022

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası genişlənmiş formatda institutun bütün kafedralarının professor-müəllim heyətinin iştirakı ilə keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 29 mart 2022-ci il tarixli Elmi Şuranın açıq iclasının qərarlarının yerinə yetirilməsi haqqında hesabat.
Məruzəçilər: dos. Z.M.Quliyeva, dos. S.Z.Əliyev, dos. K.M.Kərimova

2. Ortodontiya kafedrasının təşkil olunması haqqında.
3. Müxtəlif məsələlər.

I məsələ üzrə terapiya fakültəsinin dekanı dosent Zemfira Quliyeva, cərrahiyyə fakültəsinin dekanı dosent Səid Əliyev, tibbi-profilaktika fakültəsinin dekanı dosent Könül Kərimova çıxış edərək keçən dövr ərzində tədrisin keyfiyyətinin qiymətləndirilməsi barədə fakultələrin hesabatlarını təqdim etdilər. Dekanlar təsdiq olunmuş formalar üzrə hər bir kafedranın hesabatını verdilər. Kursun əvvəlində və sonunda keçirilən test yoxlamalarının, müdavimlərin tədris prosesini anonim qiymətləndirməsinin nəticələri üzərində xüsusi analiz aparıldı. Əldə olunmuş yekun nəticələr iclas iştirakçılarının nəzərinə çatdırıldı. Eyni zamanda tədris prosesinin təkmilləşdirilməsi üçün müdavimlər tərəfindən verilən təkliflər də iclasda səsləndirildi.
Bu məsələ üzrə institutun prorektoru dosent Təyyar Eyvazov çıxış edərək bildirdi ki, tədris prosesinin obyektiv qiymətləndirilməsi üçün aparılan işlər daha da genişləndiriləcək və kursa gələn müdavimlərin daha dərin biliklər əldə etməsi hesabına müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlarin yetişdirilməsi prosesi də təkmilləşəcəkdir.
Yekunda institutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirməlidirlər. Keçirilən dərslərin qiymətləndirilməsi üçün təsdiq olunmuş hesabat formaları təkmilləşdirilməli, müdavimlərin dərsləri qiymətləndirmək prosesi tam anonim olmaqla xüsusi yaradılmış qrup tərəfindən aparılmalıdır. Bu məqsədlə institutun rəsmi saytında da xüsusi bölmə yaratmaq lazımdır.
II məsələ üzrə institutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, müasir stomatologiyanın bir neçə sahəyə bölünməsi artıq yekunlaşmış bir prosesdir və hal-hazırda baza təhsili verən universitetdə bu sahələri əhatə edən kafedralar da mövcuddur. Ona görə bu sahələr üzrə çalışan mütəxəssislərin ixtisasartırma kursları keçməsi üçün bizim institutda da müvafiq kafedralara ehtiyac yaranmışdır. Stomatologiyanın axır illər inkişaf edən sahələrindən biri də ortodontiyadır. Ortodontiya stomatologiyanın diş və çənə anomaliyalarının etiologiyasını, diaqnostikasını, qarşısının alınması və müalicəsi üsullarını öyrənən bir sahəsidir. Ortodontiyada müdaxilələrin əsas obyekti uşaq və yeniyetmələrin çeynəmə-nitq aparatıdır. Bütün bunları nəzərə alıb Ə.Əliyev adına ADHTİ-da ortodontiya kafedrasının yaradılmasına qərar verilmişdir. Müvafiq kadr potensialımız var və Elmi Şura üzvlərindən bu məsələyə münasibət göstərmələrini xahiş edirəm.
Yekdilliklə bu qərar təsdiq olundu.
Sonda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX