Ə.Əliyev adına ADHTİ-da “Koronavirus pandemiyası: diaqnostikası, müalicəsi və fəsadları” mövzusunda 3-cü Avrasiya konfransı keçirildi

28.04.2022

2019-cu ilin sonundan bütün dünyanın üzləşdiyi koronavirus pandemiyası ilə ilk gündən effektli mübarizə aparan ölkələrdən biri məhz Azərbaycan olub. Ölkə rəhbərinin birbaşa nəzarəti altında virusun geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində mühüm addımların atılması, qısa müddətdə infrastrukturun yaradılması, modul tipli yeni xəstəxanaların qurulması ilə yanaşı virusun iqtisadiyyata, sahibkarlara, vətəndaşlara vurduğu ziyanı qarşılamaq üçün dövlət tərəfindən tədbirlərin görülməsi nəticəsində beynəlxalq təşkilatlar, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın koronavirusla mübarizəsini bir nümunə olaraq göstərdilər.
Ölkəmiz təkcə ölkə daxilində həyata keçirdiyi tədbirlərlə deyil, bu istiqamətdə özünün beynəlxalq təşəbbüsləri ilə də bir nümunə oldu. Azərbaycanın adı ehtiyacı olan bir çox dövlətlərə bu çətin günlərdə yardım göstərməsi, dünyada virusa qarşı hazırlanmış ilk vaksinləri alaraq geniş vaksin kampaniyasına başlayan ilk dövlətlər sırasında çəkilir. Bu hərtərəfli aparılan mübarizənin nəticəsidir ki, ölkəmizdə axır vsxtlar koronavirusdan ölüm qeydə alınmayıbdır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu da COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edir. İnstitutun kafedralarında keçirilən yeni koronavirus infeksiyasına qarşı əksepidemik tədbirlər və biotəhlükəsizlik mövzularında təlim-treniqlərə Respublikamızın bir çox klinikaları, xəstəxana və poliklinikaları, Daxili İşlər Nazirliyi (o cümlədən Daxili Qoşunlar), Ədliyyə Nazirliyi, Mərkəzi Gömrük Hospitalı, Hava Nəqliyyatı Tibbi Sanitar İdarəsində çalışan 5000 nəfərə yaxın həkim-mütəxəssis, tibb bacıları cəlb olunmuş və bu iş indi də davam etdirilir. Eyni zamanda institutun əməkdaşları ölkəmizin bir çox bölgələrində təşkil olunmuş səyyari təlim kurslarında təlimçi kimi də iştirak etmişlər.
Ona görə də “Koronavirus pandemiyası: diaqnostikası, müalicəsi və fəsadları” mövzusunda 3-cü Avrasiya konfransının 27-28 aprel 2022-ci il tarixində Bakıda keçirilməsinin planlaşdırılması bu infeksiya ilə ölkəmizdə aparılan sistematik işlərə verilən qiymətin təzahürüdür. 27 aprel 2022-ci ildə səhər saat 10:00-da öz işinə başlayan konfransı giriş sözü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov açaraq bildirdi ki, Azərbaycanda pandemiya ilə ilk gündən aparılan sistemli mübarizə öz bəhrəsini verməkdədir. Bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş koronavirus infeksiyası ilə ölkəmiz ilk günlərdən effektli mübarizə apardı, müvafiq dövlət strukturlarının koordinasiyalı şəkildə tədbirləri təşkil edildi.Yoluxma sayının azalması, sağalanların artması, ölümün qeydə alınmaması əldə olunan nailiyyətlərdəndir.Ancaq tam arxayınlaşmaq olmaz və sayıqlıq itirilməməlidir. Ona görə bu gün işini başlayan beynəlxalq konfransda bu xəstəliyin diaqnostikası, müalicəsi və fəsadları haqqında geniş müzakirələr aparılacaq, gələcək işlərin hansı istiqamətdə təşkil olunması haqqında qərarlar veriləcəkdir.
Rektorun çıxışından sonra Azərbaycan Respublikası Dövlət himni səsləndirildi.
Sonra konfransın həmsədrləri İsrail Tibb Assosiasiyasının prezidenti Zion Xaqay, Qazaxıstan Respublikasının Astana Tibb Universitetinin professoru Ayman Musin çıxış edərək konfrans işinə müvəffəqiyyətlər arzuladılar.
Azərbaycan Milli Məclisinin deputatı İlham Məmmədov çıxış edərək konfrans iştirakçılarını salamladı və qeyd etdi ki, ölkə başçısının birbaşa göstərişləri ilə yaradılmış qurumların təşkil etdikləri koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin nəticələri verilən qərar və göstərişlərin vaxtında və düzgün verilməsini sübut etdi.
Sonra konfrans iştirakçılarına konfransın həmsədri, Rusiya Federasiyası Kazan Dövlət Tibb Universitetinin rektoru professor Aleksey Sozinovun video müraciəti nümayiş etdirildi.
Moldova Respublikası Dövlət Tibb və Əczaçılıq Universitetinin dosenti Suveika Luminiça da öz çıxışında COVİD-19 pandemiyası ilə mübarizədə vaksinasiyanın əsas rolunu qeyd edərək xəstəliyin müalicəsi üçün yeni dərman preparatlarının axtarışı haqqında məlumat verdi.
Sonra COVİD-19 pandemiyası ilə ölkəmizdə aparılan mübarizə tədbirlərinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Videoçarx nümayişindən sonra konfransa dəvət olunmuş professor Yehuda Şoenfeld (İsrail), professor Munis Dündar (Türkiyə), professor Roza Beqaydarova (Qazaxıstan), dosent Təyyar Eyvazov (Azərbaycan), professor Albert Pinhasov (İsrail), professor Gülcan Abuova (Qazaxıstan) COVİD-19 infeksiyasının diaqnostikası, müalicəsi və fəsadlarına həsr olunmuş elmi işlərin nəticələrini konfrans iştirakçılarına təqdim etdilər.
Fasilədən sonra və bu gün konfrans öz işini Türkiyə, İsrail, Rusiya, Qazaxıstan, Gürcüstan və Azərbaycan alimlərinin COVİD-19 infeksiyası ilə mübarizənin müxtəlif aspektlərini göstərən elmi məruzələrinin təqdim olunması ilə ilə davam etdirdi.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX