Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının açıq iclası keçirildi

30.03.2022

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası genişlənmiş formatda institutun bütün kafedralarının professor-müəllim heyətinin iştirakı ilə keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Kafedralarda tədris prosesinin təkmilləşdirilməsi haqqında.
Məsələ üzrə institutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, mövcud olduğu illər ərzində Ə.Əliyev adına ADHTİ təkcə Azərbaycanda deyil, bütün regionda tanınmış ali təhsil ocağı kimi tanınmışdır. Respublikamızın səhiyyəsinin inkişafında institutun rolu danılmazdır. Beləki, Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar. İnstitutda aparılmış eimi-tədqiqat işləri keçmiş Sovetlər İttifaqında və müasir tibb dünyasında yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin və xalqımızın rifahı üçün çalışmış və indi də çalışırlar. Bu gün də səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirməlidirlər. Distant təhsilin bütün formalarının istifadə imkanlarının həkimlər üçün əlçatanlığının təmin edilməsi və bu işin mütəmadi olaraq aparılaraq institut qarşısında qoyulmuş bütün vəzifələrin layiqincə yerinə yetirilməsi və ən əsası Davamlı Tibbi Təhsilin fasiləsizliyinin təmin olunması ən vacib məsələlərdəndir. Bunun üçün diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar aparmaq, təhsilin yeni forma və metodlarını praktikaya daxil etmək lazımdır.
Kurslarda tədrisin keyfiyyətinin yüksəldilməsi yollarından biri həkimlər tərəfindən müxtəlif tibbi ədəbiyyat materiallarının, yeni informasiyaların müdavimlərə çatdırılmasıdır. Bu məqsədlə institutun elektron kitabxanasının fondunda olan müasir tibbi ədəbiyyat və müxtəlif dillərdə nəşr olunan xarici jurnallar və s. istifadə etmək lazımdır. Eyni zamanda institutun elektron saytında xüsusi tibbi məlumat arxivindən də yararlanmaq olar. Məlumat arxivində müəllimlərin bütün ixtisaslar üzrə mühazirələrinin prezentasiya variantları, kafedraların nəşr etdikləri tədris vəsaitləri, aktual mövzulu, institutda aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən məqalələr, milli və xarici klinik protokollar, elektron kitablar və s. yerləşdirilmişdir. Tibb mütəxəssisləri institutun web saytına girməklə bu məlumatları asanlıqla əldə edə bilərlər. Peşəkar tibbi informasiyanın bu cür çeşidlənməsi və tibb ictimaiyyətinə təqdim olunması ümumilikdə həkimlərin peşə hazırlığının yüksəldilməsinə xidmət edir və son nəticədə əhaliyə göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Məqsədə çatmaq üçün Ə.Əliyev adına ADHTİ-nin beynəlxalaq əlaqələrindən də istifadə etmək lazımdır. Bildiyiniz kimi Türkiyə, Avstriya, Rusiya, Belorusiya, Qazaxıstan və Özbəkistannın aparıcı tibb təhsili müəssisələri ilə bağladığımız müqavilələrdə klinik və profilaktik təbabət, səhiyyənin təşkili və aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların apaılması, onalrın nəticələri əsasında, həmçinin tədris prosesinin təşkili sahəsində təcrübə mübadiləsinə dair konfrans və seminarların keçirilməsi, tədris prosesinə və səhiyyə praktikasına tədrisin, diaqnostikanın, profiaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası, həmçinin ali tibb mütəxəssislərinin fasiləsiz professional təhsili sahəsində müasir metodik və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulmuşdur. Eyni zamanda gənc mütəxəssislərin də təhsilinə önəm verilməlidir. Bu baxımdan hər il mütəmadi olaraq institutumuzun rezidentlərinin bir sıra xarici ölkələrin nüfuzlu ali tibbi təhsil ocaqlarına rotasiya kurslarına göndərilməsi ənənəsi davam etdirilməlidir. İndiyənə qədər institutun onlarla rezidenti Almaniya, Cənubi Koreya, Türkiyə, Belarusiya və Rusiyanın müxtəlif nüfuzlu tibb təhsili müəssisələrində bu kurslardan keçmişdir. Məlumdur ki, institut rəhbərliyi rezident və əməkdaşlarımızın xaricdə təhsil alması istəyini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir. Kafedralardan bu istiqamətdə daha aktiv təkliflər gəzləyirik. Hal-hazırda 30-a yaxın rezidentimizin xarici ölkələrə rotasiya üçün göndərilməsi hazırlanır.
Çıxışının sonunda rektor bir daha qeyd etdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tam yaradıcılıq gücü ilə ixtisaslı həkim və provizor mütəxəssislərinin peşə səviyyəsinin yüksəldilməsinə, elmi-təcrübi işlərin yaxşılaşmasına, əhaliyə yüksək səviyyədə tibbi yardımın göstərilməsinə çalışmış və çalışacaqdır.
İclasın sonunda kafedralarda tədris prosesinin təkmilləşdirilməsi haqqında qərar qəbul edilmişdir:

Qərar.

İnstitut üzrə tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş aşağıdakı tədbirlər həyata keçirilsin:
1. İxtisas üzrə 2021/2022-ci illərdə təkmilləşdirilmiş təhsil proqramları tamamlanaraq təsdiqlənmək üçün növbəti Elmi Şuraya təqdim olunsun.
2. Müdavimlərin kurslarda pretest və posttest qiymətləndirilməsi təşkil edilsin və nəticələr təhlil olunaraq hesabat formasında dekanlığa təqdim olunsun.
3. Kurslarda tədrisin keyfiyyətinin müdavimlər tərəfindən qiymətləndirilməsi praktikası yenidən tətbiq edilsin. Sorğu anketləri hazırkı şəraitə uyğun yenilənərək kafedralara göndərilsin. Sorğuların nəticələri fakultə dekanları və kafedra müdirləri tərəfindən ayda bir dəfə birgə təhlil edilərək çatışmazlıqlar müəyyən edilsin və onların aradan qaldırılması üçün mümkün tədbirlər həyata keçirilsin. Sorğu anketlərinə əsasən kafedra professor-müəllim heyətinin müdavimlər tərəfindən qiymətləndirilməsinin reytinq cədvəlləri tərtib olunsun və dinamikada izlənilsin.
4. İnfotmatika şöbəsinə tapşırılsın ki, institut saytında tədrisin keyfiyyətinin müdavimlər tərəfindən elektron formatda qiymətləndirilməsi imkanlarını təmin etsin və bu barədə bütün kurslarda müvafiq məlumatlar verilsin.
5. Müəllimin pedaqoji və elmi fəaliyyətinin bal sistemi ilə qiymətləndirilməsi prosesi ciddi nəzarətə götürülsün (bu barədə rektor tərəfindən müvafiq əmrin imzalanması nəzərdə tutulur).
6. Təkmilləşdirmə kurslarında tədris prosesində istifadə olunan prezentasiyalar və digər tədris materiallarının istinadları mətndə rəqəmlə və sonda müvafiq ədəbiyyat siyahısında göstərilməklə beynəlxalq tibbi qurumların sonuncu protokolları, müxtəlif yüksək impakt faktorlu elmi jurnallarda son 5 ildə nəşr olunmuş və sübutlu təbabət prinsipinə əsaslanan iri miqyaslı tədqiqatların nəticələri beynəlxalq tibbi resurslardan (Medskape, NİH, PubMed, Elsevir, Medline, BMJ, Uptodate və s.) istifadə edilməklə əldə olunaraq mütəmadi, azı 20% həcmində yenilənməsi təmin olunsun və buna kafedra müdirləri tərəfindən ciddi nəzarət edilsin.
7. Tədrisin digər formaları (seminarlar, praktik məşqələlər) müasir pedaqoji yanaşma üsullarından istifadə olunaraq klinik baza imkanları və müəllimlərin sayı nəzərə alınmaqla dərs cədvəlinə uyğun təşkil olunsun.
8. Rezidenturada tədrisin ixtisas üzrə müasir baza biliklərini özündə əks etdirən beynəlxalq ədəbiyyatlar(rəhbərliklər) əsas götürülməklə aparılması təmin olunsun.
9. Fakultə dekanları tərəfindən təkmilləşdirmə kurslarında, o cümlədən rezidentura təhsilində tədrisin keyfiyyəti mütəmadi olaraq açıq dərslər, tədris materialrının nəzərdən keçirilməsi və s. üzrə xüsusi tərtib olunmuş və təsdiqlənmiş qrafiklər əsasında yoxlanılsın və nəticələr təhlil olunsun.
10. Davamlı tibbi təhsilin toplama sisteminin kontenti olan materialların tərtibi prosesi müəyyən edilmiş qaydada davam etdirilsin, əvvəllər tərtib edilmiş bütün materiallar müasir bilgilər əsasında yenilənsin. Bu kontentin istifadəsinin ödənişsiz olması informatika şöbəsi tərəfindən təmin edilsin.
11. Son 5 ildə institut əməkdaşları tərəfindən nəşr olunmuş dərslik, monoqrafiya, metodik vəsaitlər və s. müəlliflərin razılığı əsasında elektron formatda institut saytındakı kitabxanaya yerlşdirilsin və bu barədə tibb ictimaiyyətinə məlumat verilsin.
12. Test tapşırıqları yuxarıda qeyd olunan mənbələrə istinad edilməklə hazırlansın.
13. Tədris ilinin sonunadək institutun 2021/2022-ci illər üçün təkmilləşdirmə kurslarının təqvim planında nəzərdə tutulmuş seminarlar/treninqlər təşkil olunaraq keçirilsin.
14. İşlərin gedişi haqqında fakultə dekanları tərəfindən kvartalda bir dəfə Elmi Şuranın açıq iclaslarında mütəmadi olaraq məlumatlar verilsin.
15. Qərarın surəti kafedralara elektron formatda təqdim olunsun.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX