Akademik Mir-Məmməd Cavad oğlu Cavad-zadənin anadan olmasının 94-cü ili tamam olur

18.05.2021

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şanlı tarixinin yazılmasında akademik Mir-Məmməd Cavad oğlu Cavad-zadənin müstəsna rolu vardır. Onun 34 ildən artıq rəhbərliyi altında institut böyük bir inkişaf mərhələsi keçmiş və tanınmış ali təhsil ocağına çevrilmişdir.
Akademik M.C.Cavad-zadə 18 may 1927-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1943-1948-ci illərdə Azərbaycan Tibb İnstitutunda təhsil aldıqdan sonra 1951-ci ilə qədər Lənkaran rayonlararası xəstəxanasının baş həkimi və cərrahı vəzifələrində çalışmışdır. 1951-ci ildə İ.Piroqov adına 2-ci Moskva Tibb institutunun urologiya kafedrasına aspiranturaya qəbul olunmuş və 1954-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1954-1957-ci illərdə Krım Tibb İnstitutunun cərrahiyyə kafedrasında çalışmış və Krım vilayətinin baş uroloqu olmuşdur. 1957-ci ildə İ.Piroqov adina 2-ci Moskva Tibb İnstitutunun urologiya kafedrasına dəvət olunaraq 1962-ci ilə qədər orada fəaliyyət göstərmişdir. 1962-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi aldıqdan sonra 1963-cü ildə Ə.Əliyev adına ADHTİ-nun urologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 1974-cü ilin 26 dekabr tarixindən ömrünün son gününə qədər akademik M.C.Cavad-zadə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində çalışmışdır.İnstituta rektor təyin olunması Azərbaycan KP MK Birinci katibi H.Ə.Əliyev tərəfindən tövsiyə olunmuşdur.
Akademik M.C.Cavad-zadənin Azərbaycan tibb elminə gətirdiyi nailiyyətlər xüsusi qeyd olunmalıdır. Urologiya və operativ nefrologiyanın inkişafında M.C.Cavad-zadənin elmi-praktiki uğurları Respublikamızın sərvətidir. Bu istiqamətdə keçən əsrin əllinci illərində fəaliyyətini başlayan gənc alimin təşəbbüsü və başçılığı ilə 1963-cü ildə keçmiş Sovet İttifaqında ilk dəfə olaraq Bakı şəhərində Respublika kliniki uroloji xəstəxanası yaradılır və urologiya ilə yanaşı müxtəlif istiqamətlərdə böyük elmi işlər aparılır. Keçmiş Sovet İttifaqında ilk dəfə olaraq M.C.Cavad-zadənin rəhbərliyi altında cərrahiyyə əməliyyatlarında xəstənin təhlükəsizliyini təmin edən anesteziologiya-reanimatologiyanın yeni üsulları və xeyli iqtisadi səmərə verən autohemotransfuziya məsələsi işlənib hazırlanmışdır.
Orqanların köçürülməsi təbabətinin ən ümdə problemlərindəndir. Dünyanın qabaqcıl klinik təcrübələrinə yiyələnən M.C.Cavad-zadə 1971-ci ildə Zaqafqaziyada ilk dəfə böyrək köçürülməsi əməliyyatını həyata keçirmiş və bundan sonra Respublika klinik uroloji xəstəxanasında böyrək köçürülməsi üzrə cərrahi əməliyyatlar müvəffəqiyytlə aparılmışdır.
Böyrək çatışmazlığı, onun patogenezi, kəskinləşməsi, konservativ və fəal müalicəsi məsələləri müasir nefrologiyanın qlobal problemlərindəndir. Bu problemin həll olunması üçün M.C.Cavad-zadənin rəhbərliyi və iştirakı ilə çox mühüm elmi araşdırmalar aparılmışdır. Qeyd etmək lazımdır ki, keçmiş Sovet İttifaqında ilk dəfə həyata keçirilən hemodializin birinci seansı M.C.Cavad-zadənin itştirakı ilə olmuşdur. Bakı şəhərində də uroloji xəstəxananı təşkil edərkən o, ilk növbədə Respublika səhiyyə orqanları qarşısında hemodializ şöbəsinin açılması problemini qoymuş və buna nail olmuşdur.
1969-cu ildə M.C.Cavad-zadə Respublikada ilk radionuklid diaqnostikası şöbəsini yaratmışdır. Bu zaman ən mühüm məsələ radioizotop laboratoriyasını müasir cihazlarla təmin etmək məsələsi idi və bunu o uğurla həll etdi.
Keçmiş İttifaqda ilk dəfə olaraq M.C.Cavad-zadənin başçılığı altında 1980-ci ildə Respublika kliniki uroloji xəstəxanası nəzdində ixtisaslaşdırılmış tibbi-genetik bölmə fəaliyyətə başlamışdır. Sadalanan və digər nailiyyətlərin nəticəsində M.C.Cavad-zadə tərəfindən dünyada məhşur olan Azərbaycan uroloq və nefroloqları məktəbi yaradılmışdır. Akademik M.C.Cavad-zadənin bilavasitə rəhbərliyi altında 72 tibb elmləri namizədi və 17 tibb elmləri doktoru hazırlanmışdır.
1975-ci ildən M.C.Cavad-zadənin başçılığı altında Ə.Əliyev adına ADHTİ-də bütün sahələrdə dərin dəyişikliklərlə yeni dövr başlanmışdır. Bu müddət ərzində rektorun bütün səyləri institutun sosial və maddi-texniki inkişafına, elmi və pedaqoji kadrlarla təminatın yüksəldilməsinə yönəldilmişdir. Professor-müəllim heyətinin yaradıcılıq fəaliyyəti üçün şəraitin yaradılması, gənc elmi-pedaqoji kadrların bacarığının üzə çıxarılmasına xüsusi diqqət yetirilirdi. 1975-ci ildən etibarən rektorluğun təşəbbüsü və Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Moskva, Leninqrad və digər elmi mərkəzlərə onlarla institutun gənc müəllimləri doktorantura və aspiranturaya göndərilmişdir. Bu gün institutun kafedra müdirlərinin və professor-müəllim heyətinin əsas hissəsini həmin hazırlanmış alimlər təşkil edir.
Qısa müddət ərzində akademik M.C.Cavad-zadənin səyləri, təşəbbüsü və nüfuzu nəticəsində institut keçmiş Sovetlər miqyasında ən qabağcıl və aparıcı mövqeyə çıxmışdır. Onun bilavasitə rəhbərliyi altında bütün kafedraların fəaliyyəti güclənmiş, yeni kafedralar və laboratoriyalar açılmış, institutun maddi-texniki bazası yenidən qurulub inkişaf etmişdir.
Akademik M.C.Cavad-zadə institutda elmi-pedaqoji kadrların hazırlanmasına son dərəcə həssaslıqla yanaşmışdır. Onun 34 ildən yuxarı rektorluq fəaliyyəti dövründə institutda 51 tibb elmləri doktoru, 152 tibb elmləri namizədi hazırlanmışdır. İnstitutun bir çox əməkdaşları Azərbaycanın, Rusiyanın və digər ölkələrin Elmlər Akademiyalarının həqiqi, müxbir və fəxri üzvləri olmuş, əməkdar elm xadimi, əməkdar həkim və əməkdar müəllim kimi fəxri adlar almışlar.
Görkəmli xidmətlərinə görə M.C.Cavad-zadə Rusiya Federasiyasının Tibb Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq və Avropa uroloqlar cəmiyyəti, Purkinye adına tibb cəmiyyəti və Bolqarıstan uroloji cəmiyyətinin üzvü seçilmiş, SSRİ və Azərbaycan SSR Dövlət mükafatı, SSRİ Nazirlər Sovetinin mükafatını almış, bir çox xarici və Respublikamızın tibb jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. Akademik M.C.Cavad-zadə 34 monoqrafiya və dərs vəsaiti, 16 elmi-tədris filmi və 700-dən artıq elmi işin müəllifidir.
Akademik M.C.Cavad-zadənin xidmətləri dövlət və xalq tərəfindən yüksək qiymətləndirilmiş və mükafatlandırılmışdır. O, bir çox orden və medallarla yanaşı 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə "İstiqlal” ordeni ilə təltif olunmuşdur.
Akademik M.C.Cavad-zadənin qoyduğu ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzində dayanır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX