7 aprel 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsi qüvvəyə minmişdir. Bu tarix təşkilatın "ad günü" sayılır və 1950-ci ildən hər il Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. ÜST-nin nizamnaməsində sağlamlıq hüququ irq, din və sosial status fərqi olmadan hər bir insanın ayrılmaz əsas hüququ kimi göstərilir. 2021-ci il tibb və sosial işçilərin ili elan edilmişdir. Bu qərarla ÜST COVID-19 pandemiyasına qarşı mübarizədəki fədakarlığa hörmət göstərməyə çağırır.
Bu il Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti, Sağlamlığa Xidmət İctimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar “Hər kəs üçün ədalətli və sağlam dünya quraq” şüarı altında keçirilmişdir.
Əlamətdar günlə bağlı Azərbaycan Respublikası Prezidentinin 6 aprel tarixində Ümumdünya Səhiyyə Təşkilatının Baş qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə video müraciətinin əsas məqamları İSİM nümayəndəsi Səbinə Babazadə tərəfindən tədbirin iştirakçılarının diqqətinə çatdırıldı və bildirildi ki, pandemiya ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər və universal əlçatanlığının təmin olunması istiqamətində Azərbaycan tərəfindən irəli sürülən qlobal təşəbbüslər təqdirəlayiqdir. Eyni zamanda o, tədbir təşkilatçılarına öz minnətdarlığını bildirərək, səhiyyə istiqamətinə dövlət başçısının hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd etmişdir. Bəzi dövlətlərin vaksinlərə əlçatanlığı olmasa da, dövlət başçısının güclü siyasi rəhbərliyi nəticəsində ölkəmizə vaxtında vaksinlər gətirildi. Ölkəmizdə mütəmadi olaraq səhiyyə sahəsində islahatlar tətbiq olunur.
Tədbirdə tibb işçiləri və sosial işçilər tərəfindən COVİD-19 pandemiyası dövründə cəmiyyətin sağlamlığı naminə görülmüş işlər barədə təqdimatlar da edildi. Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı Nilufər Məmmədova “COVİD-19 xəstəliyində tibbi təcrübə” barədə təqdimatla çıxış edərək, COVİD-19 virusu, profilkatik tədbirlər, diaqnostika və müalicəsi barədə ətraflı məlumatlar verib, xəstəliyin müalicəsində xüsusi hallar istisna olmaqla, antibiotiklərdən istifadənin düzgün olmadığını qeyd etdi.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova “COVİD-19 ilə bağlı risk kommunikasiyanın əhəmiyyəti” mövzusunda çıxış edib qorunmaq üçün infeksion nəzarət tədbirləri, gigiyena qaydaları və maskalardan düzgün istifadə və COVİD-19 əleyhinə vaksinasiya barədə də geniş məlumatları çatdırdı.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Könül İsmayılova “COVİD - 19 pandemiyası zamanı psixi sağlamlığının qorunması” mövzusunda, Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentinin müdiri Ayşəm Balayeva “Azərbaycanda COVİD-19 pandemiyası zamanı həssas qruplara sosial xidmətlərin təşkili mövzusunda təqdimatlarla çıxış etdilər.