Əməkdaşımız “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfransda iştirak etmişdir

20.12.2019

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası ilə bağlı ölkədə tibbi, təhsil, sosial və digər strukturların birgə əməkdaşlığı çərçivəsində geniş fəaliyyətlər həyata keçirilir.
19 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirilmişdir. Konfransda ÜST Avropa Regionu, Azərbaycan Nümayəndəliyinin başçıları, UNİCEF, Qlobal Fond, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta, diplomdan əvvəl və diplomdansonrakı tibbi təhsil müəssisələrinin nümayəndələri və tibb işçiləri iştirak etmişlər. Konfransda dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklər sahəsinə dair geniş məlumatlar, ölkədə görülən işlər, həmçinin son iki il ərzində (18 dekabr 2017-ci ildə I Milli Konfrans keçirilib) qeyri-infeksion xəstəliklərlə mübarizədə əldə olunmuş nəticələr, bu sahədə olan çətinliklər və qarşıda duran problemlərin aradan qaldırılması məsələləri, STEPS sorğusunun nəticələri konfransda geniş müzakirə edilmişdir.
Konfransda çıxış edən ÜST Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı ölkədə fəaliyyət göstərən bütün qurumların əməkdaşlığı çərçivəsində Azərbaycanda qeyri-infeksion xəstəliklərin risk faktorlarına qarşı səmərəli mübarizə üçün mövcud qeyri-infeksion xəstəliklər siyasəti və strategiyasının yerli standartlara uyğunlaşdırılması barədə məlumat verdi. O, uyğunlaşdırma aparılarkən tütündən istifadə, sağlam qidalanma, fiziki hərəkətlilik, hipertoniya və diabetin qarşısının alınmasına və nəzarətdə saxlanmasına xüsusi diqqət yetirilməsini qeyd etdi.
ÜST Avropa üzrə Regional Ofisində qeyri-infeksion xəstəliklər və sağlamlığın həyat boyu təbliği bölməsinin direktoru Bente Mikkelsen video təqdimatla çıxış edərək, tibbi xidmətin keyfiyyətinin artırılması və bu sahədə informasiya imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırdı.
Konfransda ÜST-nin Avropa Ofisində qeyri-infeksion xəstəliklərə nəzarət üzrə proqram meneceri İvo Rakovac, Avropa Mərkəzinin rəhbəri Joao Breda Azərbaycanda STEPS sorğusunun müqayisəli təhlili və qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə əldə olunan nəticələr barədə məlimat vermişlər.
Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasında qeyri infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müxtəlif kafedralarının əməkdaşlarının iştirakı ilə geniş tədbirlər, konfrans və seminarlar təşkil edilir. Bununla yanaşı, ixtisasartırma kurslarında qeyri-infeksion xəstəliklərin diaqnostika, müalicə və profilaktikasına həsr edilən yeni yanaşmalar barədə məlumatlar daim təqdim edilir. Əməkdaşlarımız bu mövzuya həsr olunmuş tədbirlərdə fəal iştirak edirlər.
II Milli Konfransın işində institutun pediatriya kafedrasının dosenti M.Qaraxanova iştirak etmişdir. O, eyni zamanda “Tütünlə mübarizə”, “Palliativ yardim”,”Uşaq inkişafı” üzrə işçi qrupların üzvüdür və 2017-ci ildən əhali arasında həyata keçirilən STEPS sorğusunun iştirakçısıdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX