Ə.Əliyev adına ADHTİ-da simulyasion mərkəzdə “Təcili ginekologiya” proqramı üzrə kurslar təşkil olunmuşdur

23.10.2019

Ölkədə dövlət səviyyəsində aparılan hərtərəfli islahatların kursuna uyğun olaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da islahatlar aparılır.Artıq institut tam olaraq davamlı tibbi təhsil sisteminə keçmişdir. Daimi olaraq ixtisaslar üzrə təhsil proqramlarının - modulların yenilənməsi, müxtəlif aktual mövzularda tematik modulların işlənib hazırlanması və keçirilməsi, müəllimlər tərəfindən yeni şəraitdə məzmun və artmış tədris həcmi baxımından yeni mövzuların və tədris materiallarının hazırlanması, tədris materiallarının müasirləşdirilməsi (BMJ və digər internet tibbi resurslarından istifadə etməklə), tədrisin praktikyönümlüyünün gücləndirilməsi həyata keçirilir. İnstitut kafedraları davamlı olaraq Azərbaycanın bütün bölgələrində səyyari və distant kurslar təşkil edirlər. 2019/2020-ci tədris ilində ilk dəfə olaraq 5 və 8 günlük kurslarla yanaşı 1 və 2 günlük seminar /treninqlərin də təşkili nəzərdə tutulmuşdur.Artıq belə treninqlər bir neçə kafedrada baş tutmuş və müdavimlərin marağına səbəb olmuşdur. İnstitutda simulyasion mərkəzin yaradılması bu treninqləri müdavimlər üçün daha maraqlı etmişdir. Həmin mərkəzdə cərrahiyyə, stomatologiya, travmatologiya, kardiologiya, pediatriya, anesteziologiya-reanimatologiya və mamalıq-ginekologiya üzrə reallığa mümkün qədər yaxın şəraitdə modul kurslarla yanaşı seminarlar və treninqlər də keçirilir. Qeyd etmək lazımdır ki, Respublika Səhiyyə Nazirliyinin göstərişi ilə institutda “Təcili ginekologiya” adlı xüsusi bir proqram həyata keçirilir. Bu proqram üzrə keçirilən kurslara Respublikanın tanınmış mama-ginekoloqları ilə yanaşı Rusiya, Avstriya və Türkiyədən olan aparıcı mütəxəssislər də cəlb olunur. Həmin kurslarda dərslər həm yüksək realistik müasir “SİMone” simulyatorunun və trenajorların, həm də kadaverik preparatların köməkliyi ilə aparılır. Dərslərin belə təşkili həkim-müdavimlərə anatomiya üzrə baza biliklərini yaxşılaşdırmağa imkan verir və praktik bacarıqlarını təkmilləşdirməyə şərait yaradır.
İnstitutda hazırlanmış və tətbiq olunmuş təhsil səviyyəsini izləməyə imkan verən geribildirim sistemindən alınan ilkin məlumatlar həmin dəslərin yüksək səmərəliliyini göstərmiş və təlim keçmiş həkimlərin əhəmiyyətli marağını üzə çıxartmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX