Avropa Nevrologiya Akademiyası Azərbaycanı “Sentyabr ayının ölkəsi” seçdi

07.09.2018

Azərbaycanda səhiyyə sistemində aparılan islahatların müsbət nəticələri hamı tərəfindən qəbul edilir.Həm əhaliyə göstərilən tibbi yardımın təşkili, həm səhiyyə sisteminin təkmilləşdirilməsi, həm də tibb işçilərinin hazırlanması müasir standartlara uyğun aparılır. Son illərdə Azərbaycanda müxtəlif ixtisaslı həkimlərin elmi cəmiyyətlərinin beynəlxalq tibbi təşkilatlarla əlaqəlarinin daha da genişlənməsinin şahidiyik. Beləki, Azərbaycan tibb cəmiyyətlərinin həm ölkəmizdə, həm də ölkəmizin sərhədlərindən kənarlarda bir sıra beynəlxalq konfranslar təşkil etməsi və orada alimlərimizin çıxışlarının baş tutması, onların müxtəlif beynəlxalq layihələrdə iştirakı dediklərimizə sübutdur. Bu cəmiyyətlərdən biri də 2011-ci ildə təsis edilmiş Nevroloqların Milli Assosiasiyasıdır. Assosiasiya təsis edildiyi gündən həm ölkəmizdə, həm də ölkəmizdən kənarda bir sıra konqres və seminarlar təşkil etmiş, beynəlxalq cəmiyyətlərə üzv olmuş, irimiqyaslı layihələrə qoşulmuşdur. Nevroloqlarının Milli Assosiasiyası 2011-ci ildən də Avropa Nevrologiya Akademiyasının üzvüdür (o zamanlar Nevrologiya Assosiasiyalarının Avropa Federasiyası adlanırdı). Milli Assosiasiyanın nümayəndə heyəti Akademiyanın hər il keçirilən konfranslarında iştirak edir və Azərbaycan nevroloqlarının elmi işlərini orada təqdim edir. 2012-cü ildə Assosiasiya Avropa Nevrologiya Akademiyasının Regional təlim kursunun Azərbaycanda keçirilməsi üçün müraciət etmiş və 2014-cü ilin iyun ayında beynəlxalq səviyyəli alimlərin iştirakı ilə üç günlük təlim kursu Bakıda baş tutmuşdur.
Avropa Nevrologiya Akademiyası artıq bir neçə ildir ki, internet səhifəsində təqvim ilinin hər ayını cəmiyyətlə aktiv əlaqədə olan ölkələrdən birinə həsr edərək “Ayın ölkəsi” rubrikasını yaratmışdır. Son aylarda rubrika Almaniya, Polşa, Portuqaliya, Slovakiya, Belarusiya və s. kimi ölkələrin nevrologiya elminə həsr edilmişdir. 2018-ci ilin sentyabr ayında isə Azərbaycan “Ayın ölkəsi” seçilmişdir. Bu hadisəyə həsr olunmuş məqalədə Azərbaycan mədəniyyəti haqqında danışılmış, qısa olaraq ölkəmizin görməli yerləri, mətbəxi və incəsənəti barədə məlumat verilmişdir. Bundan başqa məqalədə Azərbaycan nevrologiyasının tarixi, ölkəmizdə nevrologiya elminin vəziyyəti, tibb təhsili, rezidentura təhsili barədə də danışılmışdır.
Məqalə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Azərbaycan Nevroloqlarının Milli Assosiasiyasının prezidenti professor Rəna Şirəliyeva və həmin kafedranın assistenti t.ü.f.d. Rahim Əliyev tərəfindən hazırlanmışdır.
Məqaləyə keçid aşağıdakı linklədir:

https://goo.gl/abFa9e


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX