Əməkdaşlarımız 10-cu Beynəlxalq Klinik Neyroimmunologi simpoziumda

08.04.2018

01-05 aprel 2018-ci il tarixlərində Şimali Kipr Türk Respublikasının Girne şəhərində 10-cu Beynəlxalq Klinik Neyroimmunologi simpoziumu keçirilmişdir. Əvvəllər iki ildən bir keçirilən bu simpozium artıq hər il təşkil edilir. Simpoziumda 200 iştirakçı gözlənilsə də, artıq görüşün ikinci günü 385 nəfər qeydiyyatdan keçmiş idi.
Simpoziuma İstanbul Universitetinin Cərrahpaşa tibb fakultəsinin nevrologiya kafedrasının professoru Ayşe Altıntaş sədrlik edirdi. Simpoziumda Türkiyə və Kiprin neyroimmunologiya üzrə aparıcı mütəxəssisləri – professor Aksel Siva, professor Rana Karabudak, professor Sebahettin Saip, professor Munira Kılınc və digərləri maraqlı elmi tədqiqatlarla çıxışlar etdilər. Bundan başqa neyroimmunologiya üzrə dünyanın bir sıra aparıcı mütəxəssisləri – Scott Zamvil, Jan Lewerenz, Tanuja Chitnis, Hans Lassmann, Hayrettin Tumani, Romain Marignier, Magd Zakariye və s. məruzəçi qismində görüşə dəvətli idilər. Azərbaycanı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Azərbaycan nevroloqlarının milli assosiasiyasının prezidenti professor Rəna Şirəliyeva və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti, Azərbaycan nevroloqlarının milli assosiasiyasının məsul katibi t.ü.f.d. Rahim Əliyev təmsil edirdilər.
Simpoziumun ilk günü immun sistemin patofiziologiyası haqda məruzələr dinlənildi, anadangəlmə və qazanılmış immunitet barədə yeni baxışlar iştirakçıların diqqətinə çatdırıldı. Neuroimmunoloqlar üçün neuroradiologiya, QİÇS zamanı nevroloji ağırlaşmalar, hamiləlik zamanı immun sistem haqda çıxışlar edildi. Simpoziumun ikinci günü likvorun müayinəsinə həsr edilmiş master klass ilə başlandı. Toplantıda likvorun müayinəsinin neyroimmunoloji xəstəliklərdə rolu barədə çıxışlar edildi və müzakirələrə geniş vaxt ayrıldı. Simpozium davam edən günlər ərzində dağınıq skleroz xəstəliyinə, neyromielitis optika spektri xəstəliklərinə, autoimmun ensefalitlərə, polinevritlərə, sinir-əzələ keçiriciyi xəstəliklərinə və s. həsr edilmiş bir çox məruzələr dinlənildi.
Simpoziumun üçüncü günü qonşu ölkələrdə dağınıq sklerozun müalicəsi barədə çıxışlar dinlənildi. Misir, İran və Azərbaycanda dağınıq sklerozun diaqnostikası, müalicəsi haqda bölmələr simpozium iştirakçıları tərəfindən maraqla qarşılandı. “Azərbaycanda dağınıq sklerozun müalicəsi” məruzəsi ilə professor Rəna Şirəliyeva çıxış etdi. O öz çıxışında “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” haqda məlumat verdi. Dövlət proqramının 2013-cü ildən fəaliyyət göstərdiyini bildirdi və proqram çərçivəsində 5 ildə aparılmış işlər barədə danışaraq dağınıq sklerozun diaqnostika və müalicəsinin müasir standartlara uyğun olaraq aparıldığını bildirdi. Professor R.Şirəliyeva həm də qeyd etdi ki, diaqnostika metodlarının təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycanda dağınıq skleroz diaqnozu qoyulmuş xəstələrin sayı artmışdır və Azərbaycan bu xəstəliyin yayılması üzrə artıq orta risk zonasına aid edilir.
Konfarnsın sonuncu günü gənc alimlərin məruzələri ilə başlandı və bir sıra maraqlı tədqiqatlar nevroloqların nəzərinə çatdırıldı.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX