“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı”nın icrası ilə bağlı dəyirmi masa keçirilmişdir

07.03.2018

Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı”nın icrası ilə bağlı bir sıra işlər görülmüşdür.
2018-ci ildə Dövlət proqramının müddəti bitdiyindən, növbəti 5 il üçün tədbirlər planı hazırlanıb Nazirlər Kabinetinə təqdim edilmişdir və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-2022-ci illər üçün tədbirlər planı təsdiq edilmişdir.
2013-2017-ci illərdə proqramın icrası barədə 07.03.2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşlarının və media işçilərinin iştirakı ilə dəyirmi masada informasiya verilmişdir. Görüşdə Dövlət proqramının komissiyalarının üzvləri, Ə.Əliyev adına ADHTİ-nin sinir xəstəlikləri kafedrasının dosenti, t.ü.e.d. Həsənov Rövşən, assistenti, t.ü.f.d. Əliyev Rahim, akademik M.Mirqasımov adına RKX-nın baş həkiminin müavini Babayev Mahir, II sinir xəstəlikləri şöbəsinin müdiri, t.ü.f.d. Həsənov Xanlar iştirak etmişlər. Görüş zamanı verilən məlumatları nəzərinizə çatdırırıq.
Dağınıq skleroz xəstəliyi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual problemlərindən biridir. Ölkəmizdə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılması uçun bütün lazımi şərait yaradıb.
Dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlikdir.
2013-2017-ci illər ərzində proqram çərçivəsində 1400-ə qədər xəstə müayinə olunmuşdur. Onlardan 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulub və müvafiq preparatlarla Dövlətimiz tərəfindən tam təmin edilir. 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib. 500-ə qədər xəstəyə Avonex preparatı, 200-ə qədər xəstəyə Mitoksantron preparatı təyin edilmiş, ehtiyac olduqda xəstələr ümumilikdə 20 ada qədər preparatla təmin edilmişdir.
Bu illər ərzində RKX dağınıq sklerozun mərhələsini təyin etmək məqsədi ilə lazımi tibbi ləvazimatlar – tomoqrafiya plyonkaları və laborator reaktivlər ilə təmin edilmişdir. Hal-hazırda proqram çərçivəsində tibb işçilərinin bu sahədə təkmilləşdirilməsi, habelə əhali arasında bu xəstəliyə dair maarifləndirmə işinin təşkili də davam edir.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasında həkimlərin periodik təkmilləşdirmə kurslarında həkim nevropatoloqlara (200-ə qədər) Dağınıq skleroz xəstəliyinin diaqnostikası, müalicəsi və reabilitasiyası barədə mühazirələr, seminar və praktik məşğələlər keçirilmişdir. 30 aprel 2013-cü ildə, 20 iyun 2014-cü ildə Nevroloqların Milli Assosiasiyası ilə birgə Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə tibb bacılarına Avonex preparatının inyeksiya metodikası ilə bağlı təlim kursu keçirilmişdir.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının, Azərbaycan Tibb Universitetinin Nevrologiya və Tibbi genetika kafedrasının və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları ilə birgə “Dağınıq skleroz üzrə klinik protokol” hazırlanmışdır (1000 tirajda).
13-14 Dekabr 2013-cü ildə Türkdilli Dövlətlərin I Beynəlxalq Nevrologiya Kongressi çərçivəsində Dağınıq skleroz xəstəliyi haqda xüsusi bölmədə Azərbaycan, Türkiyə və Kazaxıstandan aparıcı mütəxəssislərin iştirakı ilə çıxışlar dinlənilmişdir.
Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı Respublikanın nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunmuşdur. Ə.Əliyev adına ADHTİ-nin sinir xəstəlikləri kafedrasının, ATU-nun Nevrologiya və Tibbi genetika kafedrasının əməkdaşları ilə birgə “Dağınıq sklerozun klinikası və diaqnostikası” üzrə tədris vəsaiti hazırlanmışdır və 2015-ci ildə vəsait çap edilmişdir (100 nüsxə). İSİM-nin əməkdaşları ilə birgə həkimlər üçün 1000 nüsxə tirajı ilə plakat və əhalini maarifləndirmək üçün 2400 nüsxə “Dağınıq skleroz haqda 10 mif” adlı buklet çap edilib paylanılmışdır.
Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı, ayda 1 dəfə olmaqla 20-25 nəfərdən ibarət qruplarda Respublika nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunmuşdur.
16.03.2016 və 24.05.2017-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə nazirliyinin mətbuat xidmətinin əməkdaşlarının və media işçilərinin iştirakı ilə dəyirmi masada informasiya verilmişdir və Ə.Əliyev adına ADHTİ-nun “Tibb və Elm” jurnalında “Dağiniq skleroz xəstəliyinin müalicəsi, profilaktikasi və onunla mübarizə tədbirlərinə dair dövlət proqrami”-nin icrasi barədə məqalə çap edilmişdir.
Xəstələrə ərazi üzrə ambulator şəraitdə bərpa müalicəsi – poliklinika şəraitində müalicəvi bədən tərbiyəsi prosedurları edilmişdir.
16-17 mart 2017-ci ildə Ə.Əliyev adına ADHTİ-də Nevroloqların milli assosiasiyası Azərbaycan nevroloqlarının 7-ci konfransını keçirmişdir. Konfransda Dağınıq skleroz xəstəliyinə hasr edilmiş sessiyada assosiasiyanın prezidenti və proqramın rəhbəri professor R.K.Şirəliyeva kafedranın əməkdaşları ilə dövlət proqramı haqda əldə edilən nailiyyətləri həkimlərin nəzərinə çatdırmışdır. Professor R.K.Şirəliyeva və t.ü.f.d. R.R.Əliyevin iştirakı Qazaxıstanın Alma-Ata şəhərində keçirilən Türkdilli dövlətlərin II beynəlxalq nevrologiya kongressində dağınıq sklerozlu xəstələrin müalicəsinin nəticələri və dağınıq sklerozun diferensial diaqnostikası adlı çıxışlar edilmişdir və konqres materialları Azərbaycan Milli Nevrologiya Jurnalının xüsusi nömrəsində çap edilmişdir.
Proqram çərçivəsində xəstələrin qəbulu, müayinə və müalicəsi dövlət proqramı komissiyasının üzvləri tərəfindən akademik M.Mirqasımov adına RKX-da fasiləsiz aparılır və növbəti 5 il üçün də tədbirlər planının aktiv aparılması nəzərdə tutulmuşdur.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX