Hörmətli həmkarlar!
Hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə ürəkdən təbrik edirəm. Qoy yeni il sizə yalnız gözəl, sevincli günlər gətirsin. Süfrəniz həmişə bərəkətli olsun.
2024-cü il arxada qalır. Bu il Azərbaycan tarixinə ən ugurlu illərdən biri kimi daxil olmuşdur. 2020-ci ildə qazanılmış böyük Zəfərin nailiyyətlərinin həyata keçirilməsi bu ildə də davam etdirilmişdir. Bu Zəfəri bizə qazandıran Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşmüş qəhrəman Azərbaycan əsgərlərinə eşq olsun! Bu il xalqımız aparılan quruculuq işlərinə də dəstək olmuş, ölkəmizin inkişafı üçün çox işlər görmüşdür.
İnstitutumuzun kollektivi də bu ildə bir çox nailiyyətlər qazanmışdır. Beləki, onlarla yeni kurslar təşkil edilmiş, tədris prosesində innovasion metodlardan geniş istifadə olunmuş, bütün kafedralarda davamlı tibb təhsili sistemi prinsipləri bərqərar olmuşdur. İnstitutumuzun əməkdaşları səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının effektliliyini təmin edə bilən tibbi kadrlar hazırlığı prosesini müvəffəqiyyətlə davam etdirmişlər.
İnstitutumuzun kollektivi ölkə səhiyyəsində gedən dəyişikliklərdə də yaxından fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə qəbul olunmuş müxtəlif xəstəliklər üzrə Dövlət Proqramlarının yerinə yetirilməsində, iş yerlərində və bölgələrdə vətəndaşlara tibbi yardımın göstərilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.
Üzümüzə gələn 2025-ci ildə bizi daha böyük işlər gözləyir, əminliklə demək olar ki, dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələri uğurla və layiqincə yerinə yetirəcəyik.
Bir daha sizi bu gözəl bayramlar münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram.
Ə.Əliyev adına ADHTİ-nin rektoru
professor Nazim Qasımov