Səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektivliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün müasir, sübutlu əsaslandırılmış informasiya və texnologiyalara əsaslanan tibbi təhsil konsepsiyası həyata keçirilməlidir.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davamlı tibbi təhsil sistemi çərçivəsində bu istiqamətdə bir çox işlər görülmüşdür. Beləki, institutda tərtib olunan təqvim planlarına əsasən təşkil olunan kurslarda müdavimlərə müasir təbabətin aktual məsələləri haqqinda məlumat verməklə yanaşı onların həlli yolları da göstərilir. Bu zaman müxtəlif endoskopik aparatlardan, xüsusi simulyator-manekenlərdən, mikroskoplardan və s. müsair tədris vasitələrindən istsfadə edilir. Proqramlar tərtib edilərkən fənlərarası əlaqələr yaradılmasına xüsusi fikir verilir və onların uzlaşması təmin edilir. 2012-ci ildə Ə.Əliyev adına ADHTİ-də Azərbaycanda ilk dəfə Rusiya Federasiyasının paytaxtı Moskvadan translyasiya olunan distant kurslar keçirilmişdir. Bu kurslar Səhiyyə Nazirliyinin sifarişi əsasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Rusiya Federasiyasının Diplomdansonrakı Təhsil Akademiyası arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində imzalanmış müqavilə əsasında təşkil edilmişdir. Hazırda institutda ali tibb kadrlarının diplomdan sonrakı təhsilinin müxtəlif növləri əyani və distant formalarda həyata keçirilir. İnstitut kafedralarının keçirdiyi distant və səyyar kurslar respublikamızın bütün bölgələrini əhatə edir.
Müasir təbabətin ən innovasion metodlarından biri də qarın boşluğunda aparılan laparoskopik əməliyyatlardır. Həmin əməliyyatlara yiyələnmık üçün bir neçə ildir Ə.Əliyev adına ADHTİ-nun cərrahiyyə kafedrasında invaziv cərrahiyyə kursları keçirilir. Bu kurslarda müxtəlif ixtisaslı mütəxəssislərin laparoskopik metodun bazis nəzəri biliklərinin və vərdişlərinə yiyələnməsinə xüsusi diqqət ayrılmışdır. Bu günə qədər yüzlərlə müdavim laparoskopik kurslarda iştirak etmiş, həmin əməliyyatların aparılması texnikasını öyrənmişlər. Tədris zamanı cərrahi əməliyyatlar müasir mülyajların üzərində və simulyatorlarda laparaskopik alətlərin köməyi ilə icra olunur.
Laparoskopik cərrahi metod və vərdişlərin aşılanmsı hələ erkən təhsil illərindən təmin edilərsə daha effektli olur. Bu məqsədlə Respublikamızda 2011-ci ildən fəaliyyətə başlamış rezidentura təhsili üzrə cərrahi ixtisaslarda təhsil proqramlarına mini invaziv cərrahi əməliyyatların metodologiyasının tədrisi və onun praktik vərdişlərinə yiyələnməsi məsələlərinin daxil edilməsi mühüm əhəmiyyət kəsb edir.
Eyni vaxtda institutda keçirilən kurslarda həkim-mütəxəssislərin praktik peşə vərdişlərinin lazımi səviyyədə mənimsənilməsinə böyük diqqət verilir. Həkimlərə müxtəlif tibbi-manipulyasiyaların icrası vərdişlərini aşılamaq üçün xüsusi simulyatorlar əldə edilmiş və onlardan tədris prosesində geniş istifadə olunur. Bu cür simulyatorlar institutun bir çox kafedralarında mövcuddur.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları praktikaya daxil edilir. Bu gün institutda keçirilən “Tələbə və həkimlərin hazırlanmasında müasir texnologiyalar” mövzusunda elmi-praktiki konfransda da bu mövzular diqqət mərkəzindədir. Konfrans Ə.Əliyev adına ADHTİ, Seçenov Universiteti və “Развитие» MMC-nin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Konfransın əhatə edəcəyi məsələlər fənlərarası əlaqədə klinik və topoqrafik anatomiya, elmi və kliniki mərkəzlərdə tədqiqatların planlaşdırılmasında 3D disseksiyasının rolu, “Piroqov” interaktiv anatomik kompleksi: xəstə yönümlü yanaşma və mobil versiya, FIPAT-beynəlxalq anatomik terminologiyaya uyğun olaraq bütün anatomik strukturlar daxil olmaqla 3D bədən modeli, tədris prosesinin avtomatlaşdırılması: nəticələrin avtomatik emalı ilə biliyin sınaqdan keçirilməsi, tələbələrin motivasiyasının artırılması və fənnin öyrənilməsi prosesinə cəlb edilməsi, “Piroqov”un imkanları: anatomiyanın təbəqələr, sistemlər, bədən hissələri və hər bir orqan üzərində ayrıca öyrədilməsidir.
“Развитие» MMC-nin yaratdığı “Piroqov” interaktiv kompleksi tələbələrə və həkimlərə təbiət elmləri fənlərinin əksəriyyətini öyrətmək üçün ideal olan unikal tədris avadanlığıdır. 4000-dən çox 3D obyekt, eləcə də rahat interfeys vasitəsilə onlarla qarşılıqlı əlaqə qurmaq imkanı dərsləri əyani və yaddaqalan edəcək. Bu, sadəcə olaraq 3D anatomiya atlası deyil, həm də normal və patoloji quruluşun bir çox müfəssəl strukturlarının kompleksidir. Ona həmin strukturların rus, latın və ingilis dillərində daxili təsviri, həmçinin ultrasəs, KT, MRT məlumat bazası, region və sistem üzrə hazırlanmış səhnələrin baza məlumatları yerləşdirilmişdir. Kompleks həm Rusiyanın aparıcı universitetlərində, həm də xarici ölkələrin ixtisaslaşmış universitetlərində gələcək həkimlərin hazırlanmasında uğurla istifadə olunur. Konfransın açılış mərasimində Ə.Əliyev adına ADHTİ-nun rektoru professor Nazim Qasımov çıxış edub bu konfransın Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan əməkdaşlıq sazişləri çərçivəsində həyata keçirildiyini bildirdi. Ö, ölkəmizdə səhiyyə sistemində gedən inkşafdan danışaraq başçılıq etdiyi müəssisədə davamlı tibbi tədris konsepsiyası çərçivəsində tətbiq olunan innovasion yeniliklərdən məlumat verdi.
“Развитие» MMC-nin baş direktoru Vadim Qvozdkov çıxış edıb yaratdıları “Piroqov” interaktiv kompleksinın tibbi təhsil sistemındə tətbiqinin üstünlüklərindən danışdı və konfransın işinə müvəffəqiyyət arzuladı.
Sonra konfrans öz işini 2 sessiyada davam etdirdi. Həmin sessiyalarda əsas məruzəçi kimi çıxış edən Seçenov Universitetinin N.V. Sklifosovski adına Kliniki Tibb İnstitutunun operativ cərrahiyyə və topoqrafik anatomiya kafedrasının professoru, tibb elmləri doktoru Yuriy Vasilyevlə yanaşı Ə.Əliyev adına ADHTİ-nun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri dosent Həsən Əsədov və Seçenov Universitetinin Bakı filialının prorektoru Zəhra Vəzirova da çıxış etmişlər.
Konfrans iştirakçıları məruzələri maraqla dinləmiş, “Piroqov” interaktiv kompleksinin köməkliyi ilə nümayış olunan klinki halların araşdırılmasında aktiv iştirak etmiş, məruzəçilərlə diskissiya aparmış, əməkdaşlıq yollarını göstərmişlər.