2024-cü il dekabr ayının 16-dan 21-dək Bakıda “Azərbaycan Nevrologiya Həftəsi” keçirilir. Tədbirin təşkilatçısı Nevroloqların Milli Assosiasiyası, Azərbaycan Uşaq Nevroloqları Cəmiyyəti və Türkdilli Dövlətlərin Nevrologiya Cəmiyyətidir. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə təşkil olunmuşdur. Təşkilati dəstək Caspian Event Organisers şirkəti tərəfindən göstərilir.
Nevrologiya həftəsi çərçivəsində 2-ci Azərbaycan Uşaq Nevroloqlarının Konfransı (17-18 dekabr), Azərbaycan Nevroloqlarının 8-ci Konfransı (18 dekabr), Türkdilli Dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya Konqresi (18-19 dekabr) və “EPNS” təlim kursları (19-20 dekabr) keçirilir. Ayrıca, Nevrologiya Həftəsi çərçivəsində nevrologiyanın aktual mövzularını əhatə edən gənc alimlərin çıxışları həyata keçirilir. Bundan əlavə 16, 17 və 21 dekabr tarixlərində nevrologiyanın bir sıra sahələri üzrə master-klasslar da təşkil edilmişdir.
Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində bir neçə mühüm mövzular müzakirə olunur: uşaq və yeniyetmələrdə baş ağrıları, sinir-əzələ xəstəliklərinin diaqnostikası və müasir müalicə üsulları, dağınıq skleroz, epilepsiya, neyrooftalmologiya, hərəkət pozuntuları, neyroradiologiya və s.
Tədbirdə ölkəmizin nevroloqları ilə yanaşı, Almaniya, Danimarka, Gürcüstan, İsrail, İtaliya, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistandan gələn mütəxəssislər də iştirak edirlər.