13-15 dekabr 2024-cü il tarixində Bakıda 13-cü Milli Kardiologiya konqresi, 6-cı İnvaziv Kardiologiya konqresi, 1-ci Pulmonar Hipertenziya konqressi və 1-ci Kardio-Metabolik konqresi özündə birləşdirən CardioFest 2024 keçirildi. CardioFest 2024-ün unikallığı onun çoxşaxəliliyində və miqyasındadır. 1100 iştirakçısı olan bu tədbir elm və praktikanın canlı dialoqda qovuşduğu bir platforma oldu. 18 ölkədən görkəmli ekspertlər bir araya gələrək, ən yüksək səviyyədə müzakirələr apardılar. CardioFest 2024-ün əsas məqamlarından biri altı ölkənin 10 aparıcı tibb mərkəzindən həyata keçirilən əməliyyatların canlı yayımı oldu. Bu, iştirakçılara innovativ texnikaları müşahidə etməyə və real vaxt rejimində mürəkkəb hadisələri müzakirə etməyə imkan verdi. Bundan əlavə, CardioFest çərçivəsində ESC European Heart Journal, ESC EAPCI və EuroCTO Club kimi əsas təşkilatlarla birgə sessiyalar keçirildi. Bu sessiyalar müdaxilə kardiologiyasında ən son nailiyyətləri, fiziologiyaya əsaslanan yanaşmaları və rəqəmsal sağlamlığın gələcəyini müzakirə etmək üçün bir platforma təqdim etdi.
Ə.Əliyev adına ADHTİ-nin kardiologiya kafedrasının əməkdaşları festivalda təşkilatçı, çıxışçı və panellərin sədri kimi iştirak etmişlər. Tədbirin açılış mərasimində kafedranın müdiri professor Tofiq Cahangirov da çıxış etmiş, sonra birinci sessiyada «Arterial hipertenziyalar üzrə 2024-cü il tövsiyələri» mövzusunda məruzə etmişdir. Sonra professor Tofiq Cahangirovla yanaşı, kafedranın əməkdaşları professor Faiq Quliyev, dosent Kəmalə Zahidova da müxtəlif panellərdə sədrlik etmişlər. Kardiologiya kafedrasının assistenti Fərid Əliyev «Elektrodsuz kardiostimulyator» mövzusunda çıxışı zamanı həmin cihazın canlı əməliyyat zamanı implantasiyasını nümayiş etdirmişdir.