7-8 iyun 2024-cü il tarixində Azərbaycan Pediatriya Cəmiyyətinın təşkilatçılığı ilə "Nadir xəstəliklər" konfransı keçirilmişdir. Konfransa Respublikada çalışan 100 nəfərdən çox pediatr, neonatoloq, genetik həkimlər qatılmışlar. Konfrans nadir görülən xəstəliklərin əhəmiyyətini özündə cəmləyərək bu sahədə fəaliyyət göstərən həkimləri, xüsusilə də pediatrları informasiya ilə təmin etmək məqsədilə təşkil olunmuşdur. Konfransın elmi proqramı 8 paneldən ibarət idi. Bu panellərdə səhiyyənin fərqli sahələrində çalışan Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstandan konfransa qatılmış təcrübəli həkimlər nadir xəstəliklərlə bağlı aktual məsələləri aydınladıb, müzakirələr aparmışlar.
Konfransda Ə.Əliyev adına ADHTİ-nun əməkdaşları pediatriya kafedrasının assistenti, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Erkin Rəhimov "Nadir Xəstəliklər - Azərbaycan təcrübəsi", pediatriya kafedrasının dosenti Nigar Hacıyeva "Yüksək qaraciyər fermentləri: nə edək?" məruzələri ilə çıxış etmişlər. Həmin kafedranın müdiri professor Rəqsanə Məmmədova “Nadir revmatoloji xəstəliklər” panelinin, kafedranın dosenti, t.e.d. Zemfira Quliyeva isə “Spesifik xəstəliklər” panelinin moderatorları olmuşlar.