22-23 may 2024-cü il tarixində Bakıda “Hyatt Regency Otel”də 10 ölkədən tibb müəssisələri və sağlamlıq mərkəzləri nümayəndələrinin iştirakı ilə "United Medical Tourism Expo" beynəlxalq tibbi turizm sərgisi keçirilmişdir. Bu sərgi tibb və sağlamlıq turizmi üzrə dünya liderlərini bir araya gətirən əsas sənaye tədbiridir. Sərgi “United Expo” şirkəti tərəfindən təşkil olunur və Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Hindistanın tibbi turizm assosiasiyaları tərəfindən dəstəklənir. Tədbirdə səhiyyə sahəsində ən son nailiyyətlər, xəstəliklərin qarşısının alınması və onların effektiv müalicə üsulları, həmçinin tibb sektorunda mövcud olan ən son texnologiyalar və xidmətlər təqdim edilmişdir. Sərgidə əməkdaşlıq imkanları, xaricdə keyfiyyətli tibbi xidmətinin əhəmiyyəti və müasir dünyada tibbi turizmin inkişaf yolları müzakirə edilmişdir.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları da iştirak etmişlər. Sərginin birinci günü terapiya kafedrasının müdiri professor Valeh Mirzəzadə “İnsulin: dünən, bugün, sabah” mövzusunda mühazirə ilə çıxış etmişdir. Çıxış sərgi iştirkaçıları tərəfindən çox böyük maraq və rəğbətlə qarşılanmışdır.
Sərginin ikinci günü isə hematologiya kafedrasının assistenti t.ü.f.d. Günel Əlizadə “Hemofiliyanın diaqnostika və müalicə metodları” adlı mühazirə ilə çıxış etmiş və dinləyicilərin suallarına cavab vermişdir.