18-19 may 2024-cü ildə Bakı şəhərində Azərbaycan Ortodontlarının 1-ci beynəlxalq konqresi keçiriləcəkdir. Bu tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Dünya Ortodontlar Federasiyasının (WFO) prezidenti, Hindistanın Saveetha Dental Kollecinin professoru Nikhilesh R.Vaid, Türk Ortodontik Dərnəyinin (TOD) prezidenti, Yeditepe Üniversitetinin ortodontiya kafedrasının müdiri professor Derya Çakan 16 may 2024-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilməsi Institutunu ziyarət edib, yeni təşkil olunmuş ortodontiya kafedrasında aparılan tədris prosesi ilə tanış olmuşlar. Qonaqlar tədris otaqlarını, həmçinin kafedranın klinik bazası olan «Ortho-1» diş klinikasını ziyarət etmiş, müdavimlərə qısa seminar keçmişlər.
Qonaqları institutun rektoru professor Nazim Qasımov da qəbul etmişdir. Qəbul zamanı professor Nikhilesh R. Vaid Azərbaycanda ilk ortodontiya kafedrasının yaradılmasına dəstək verdiyinə görə professor Nazim Qasımova minnətdarlığını bildirmiş, bu ixtisasın dünyada inkişaf perspektivlərindən danışmışdır. Professor Derya ÇakanYeditepe Universitetinin ortodontiya kafedrasının iş təcrübəsindən danışmış və Azərbaycanlı həmkarları ilə bu təcrübəni mütləq bölüşəcəkləri haqqında məlumat vermişdir. Professor Nazim Qasımov axır illərdə Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlardan danışmış, əldə olunan nailiyyətlər haqqında məlıumat vermişdir. Bu konteksdə institutda ölkədə ilk dəfə ortodontiya kafedrasının yaradılmasının qanunauyğun hal olması vurğulanmışdır. Sonda rektor qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi üçün işlərin aparılmasının zəruri olmasını deyd etmişdir.