13 Aprel 2024-cü il tarixində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Avropa Parodontologiya Federasiyasına üzv olan 35 ölkənin iştirakı ilə Federasiyanın Baş Assambleyası keçirildi. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun parodontologiya kafedrasının dosenti Cavid Əhmədbəyli və kafedranın assistenti, APC-nin vitse-prezidenti, ölkəmizin Federasiyada nümayəndəsi Aslan Məmmədov tərəfindən təmsil olunmuşdur.
Tədbirdə Federasiyanın 2023-2024-cü illər ərzində fəaliyyəti haqqında hesabat verilmiş, 12 may Beynəlxalq diş əti sağlamlığı günü, 2025-ci ildə Vyanada keçiriləcək EuroPerio11 beynəlxalq konfransı, Federasiyaya yeni üzv ölkələrin qəbul olunması, Perio & Ailə Həkimləri maariflərində kampaniyasının təqdimatı, gələcək layihələr, fəxri adların verilməsi kimi məsələlər də ətraflı müzakirə olunmuşdur. 2024-2025-ci il ərzində Federasiyanın prezident vəzifəsini Böyük Britaniyanın Birmingham Universitetinin professoru Moritz Kebschull icra edəcəkdir.
Baş Assambleyanın gündəliyində əsas məsələlərindən biri 2026-cı ildə Bakı şəhərində Federasiyanın və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək “EFP Perio Master Clinic 2026” konfransı olmuşdur. Konfransın təşkilat komitəsinin sədri Cavid Əhmədbəyli Federasiyanın İcraiyyə Komitəsinə və nümayəndələrə konfransla əlaqədar aparılan hazırlıqlar haqqında məlumat vermişdir. Eyni zamanda konfransın elmi komitəsinin sədri, Madrid Komplutense Universitetinin professoru Mariano Sanz da hazırlanmlş elmi proqramı təqdim etmişdir.