Əməkdaşlarımızın elmi nəticələri beynəlxalq səviyyədə tanınır

12.10.2023

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibb mütəxəssislərinin hazirlanması üçün institut əməkdaşları tərəfindən elmi araşdırmalar aparılır və praktikaya tətbiq edilir.Bu elmi araşdırmaların nəticələri mütamadi olaraq nəşr edilən monoqrafiya və dərsliklərdə öz əksini tapır.Son 10 ildə institut əməkdaşları tərəfindən 40 monoqrafiya,81 dərslik,70 dərs vəsaiti nəşr edilmişdir.Həmin kitablar mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmış və onların praktiki fəaliyyətində yardımçı olmuşlar.
Həmin kitablar arasında axırıncı çap olunmuşlardan üçünü nümunə kimi təqdim edirik.
2023-cü ildə London, Birləşmiş Krallıqda prof. David C. Gaze’in redaktorluğu altında “Novel Pathogenesis and Treatments for Cardiovascular Disease” kitabı dərc olunmuşdur. Dr. David C.Gaze Londonda yerləşən Westminister Universitetinin MSc Biomedical Science proqramının kurs lideri və kimyəvi patologiya üzrə baş təlimçisidir. Onun akademik tədqiqatları ürək-damar xəstəliklərinin diaqnostikasında kardiak biomarkerlərinin klinik tədbiqi və inkişafı yönündədir.
Kitab 3 bölüm və 28 fəsildən ibarətdir: 1-ci bölüm kardiovaskulyar xəstəliklərin patofiziologiyasına, 2-ci bölüm diaqnostikasına və 3-cü bölüm müalicəsinə həsr olunmuşdur. 9-cu fəslin – “Diabetes Mellitus Type 2, Prediabetes, And Chronic Heart Failure” - müəllifləri Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının əməkdaşları t.e.d Valeh Mirzəzadə, dosent Sədaqət Sultanova, dosent Natəvan İsmayılova, assistent Aygün Hüseynova, assistent Gülnarə Nurməmmədova, baş laborantlar Sevil İsmayılova və Aygün Əliyevadır.
Bu fəsildə prediabet, şəkərli diabet tip 2 və xronik ürək çatışmazlığının diaqnostika və müalicəsinə dair yeni yanaşmalar, yeni müalicə üsulları ətraflı şəkildə şərh olunmuş, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik təlimat assosasiasiyasının prediabet və şəkərli diabet tip 2-ə görə diaqnostik meyarları da göstərilmişdir.Eyni zamanda burada terapiya kafedrasında aparılmış çoxsaylı tədqiqatların nəticələri də öz əksini tapmış, diabet və prediabetli şəxslərdə ürək çatışmazlığının xüsusiyyətləri və idarə olunması, həmçinin əksinə ürək çatışmazlığı olan xəstələrdə diabet və prediabetin idarə olunması daha dəqiq təsvir olunmuşdur.
Ə.Əliyev adına ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasının əməkdaşları professor, əməkdar elm xadimi Rəna Şirəliyeva,professor Aytən Məmmədbəyli, dosent Rahim Əliyevin müəllifliyi ilə nəşr edilmiş “Nevrologiya” dərsliyində kliniki nevrologiyanın əsasını təşkil edən məlumatlar təqdim olunmuşdur. Kitabda nevroloqlar üçün vacib olan sinir sisteminin anatomiyası və sinir xəstəliklərinin propedevtikasına dair məlumatlar əks olunmuş, mərkəzi və periferik sinir sisteminin quruluşu və funksiyalatına həsr olunmuş fəsillər daxil edilmişdir.Dərslikdə böyüklərdə və uşaqlarda nevroloji müayinə və onların nəticələri haqqında məlumatlar,mərkəzi və periferik sinir sisteminin quruluşu, funksiyaları və müxtəlif səviyyələrdə zədələnməsinin klinik təzahürləri haqqında geniş şərhlər öz əksini tapmışdır.Eyni zamanda nevrologiyada geniş istifadə edilən instrumental və aparat müayinə üsulları - elektroensefaloqrafiya, elektroneyromioqrafiya, ultrasəs doppleroqrafiya, KT, MRT, PET və s. barədə geniş məlumat verilmişdir.Ayrı-ayrı fəsillər baş beyin və onurğa beyninin anomaliyalarına həsr olunmuşdur.Hər fəslin sonunda verilmiş test nümunələri oxuculara materialı mənimsəməkdə əhəmiyyətli dərəcədə yardım edəcəkdir.
Kitab ali tibb məktəblərinin tələbələri,diplomdan sonrakı təhsilin bütün növləri üzrə çalışan həkim-nevroloqlar,həmçinin həmmərz ixtisas mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.
Ə.Əliyev adına ADHTİ-nin hematologiya və qanköşürmə kafedrasının əməkdaşları Qiyas Hüseynov və Elmira Qədimovanın 2023-cü ildə nəşr edilmiş “Qan xidməti və transfuzion təbabət” adlı dərs vəsaiti bu sahədə bir ilkdir.
Vəsaitdə dünyada qan xidməti və transfuzion təbabətin inkişaf mərhələləri, eləcədə ölkəmizdə onun qədim dövrlərdən indiyə kimi inkişaf yolu, xüsusən müstəqillik illərində əldə edilmiş nailiyyətlər haqqında ətraflı məlumat verilmişdir. Qan donorluğuna olaın müasir tələblər, onların klinik laborator qiymətləndirilməsi, transfuziya ilə ötürülən infeksiyalar, immuno-hematoloji testlər, o cümlədən müasir qan qrupu sistemləri və bununla əlaqədar olan xəstəliklər ayrı-ayrı fəsillərdə verilmişdir. Bundan əlavə müasir təbabətin çox cavan hissəsi olan kök hüceyrə tədarükü, onların köçürülməsi haqqında məlumatlar da diqqəti cəlb edir.
Transfuzion ağırlaşmalar, xəstə-qan idarə edilməsi və keyfiyyətin idarə edilməsi , hemovicilans və tibbi terminlər lüğəti kimi başlıqlarla birlikdə dərs vəsaitini qiymətləndirildikdə, bunun bir çox fərqli ixtisasları və orada çalışan tibb işçilərini əhatə etdiyi görünür.
Vəsaiti oxunaqlı və maraqlı edən əsas səbəblərdən biri də hər fəslin sonunda həmin fəslə aid qiymətləndirmə suallarının olması və sonda düzgün cavabların verilməsidir.
Dərs vəsaiti, qan köçürmə zəncirinin istənilən həlqəsində işləyən həkimlər, tələbələr, tibb bacıları və laboratoriya texnikləri üçün qan xidməti və transfuzion təbabətə dair ən müasir və başa düşülən məlumatları asan şəkildə əldə etmək üçün bir qapı açır.
İnstitut əməkdaşlarının elmi araşdırmaları davam edir və nəticələri mütamadi təqdim ediləcəkdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX