Sinqapurda Asiya-Sakit Okean Katarakta və Refraktiv Cərrahlar Assosiasiyasının (APACRS) 35-ci illik toplantısı keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 5 mindən artıq mütəxəssislərin qatıldığı bu konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının əməkdaşı t.ü.f.d. Şəhla Əsədova da iştirak etmişdir.
Sinqapur Milli Göz Mərkəzinin (SNEC) mütəxəssisləri ilə birgə keçirilən dəyirmi masada Ş.Əsədova kafedranın kliniki bazası olan akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ən son texnologiyalarla aparılan müasir əməliyyatlardan bəhs etdi. Sinqapurlu mütəxəssislər isə qeyd etdilər ki, SNEC, yüksək standartlarla yerinə yetirilən əməliyyatlarda nəticələri təmin etmək üçün cərrahiyyənin tədrisi və monitorinqini həyata keçirən dünyanın seçilmiş qurumlarından biridir və katarakta, miopiya kimi yayılmış göz xəstəliklərinin səbəbləri və müalicəsi ilə bağlı kliniki tədqiqatlarda fəal iştirak edir. Dəyirmi masada əməkdaşımız "Abnormal attacment of musles as a cause of strabismus" mövzusunda əldə olunmuş nəticələri də təqdim etdi. Yeniliklər iştirakçılar tərəfindən maraqla qarşılandı.