"2-ci ürək çatışmazlığında yeniliklər" beynəlxalq konqresi keçirilmişdir
12.06.2023
10-11 iyun 2023-cü ildə Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "2-ci ürək çatışmazlığında yeniliklər" beynəlxalq konqresi keçirilmişdir. Konqresin işində AKC-nin çoxsaylı üzvləri ilə yanaşı İtaliyadan, Türkiyədən, Qazaxıstandan dəvət edilmiş spikerlər də iştirak etmişlər. Konqresin açılışında Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov və cəmiyyətin "Ürək çatışmazlığı" işçi qrupunun rəhbəri Aysel İslamlı Azərbaycanda bu sahədə olan vəziyyət, görülmüş işlərdən danışmış və qarşıda duran vəzifələrdən bəhs etmişlər. Konqres eyni zamanda 2 zalda keçirilmiş və 2 gün ərzində ürək çatışmazlığının idarə olunmasının müasir prinsipləri, bu sahədə dünya praktikasında istifadə olunan tövsiyələrdəki yeniliklər müzakirə olunmuş və maraqlı diskussiyalar aparılmışdır. Konqres zamanı eyni zamanda kardioloq Gülməmməd Hacıyevin xatirəsinə həsr olunmuş kliniki hal yarışması keçirilmiş, elektron posterlər nümayiş etdirilmişdir. İnstitutun kardiologiya kafedrasının müdiri professor Tofiq Cahangirov "Asimptomatik ürək çatışmazlığını necə təqdim edək?",terapiya kafedrasının professoru İsax Mustafayev "Sol mədəciyin atım fraksiyası qorunmuş ürək çatışmazlığının müalicəsində nə kimi yeniliklər var?", həmin kafedranın dosenti Samir Mehdiyev “Xroniki ürək çatışmazlığıda həyat tərzi dəyişiklikləri və reabilitasiya" mövzularında məruzələrlə çıxış etmiş və suallara cavab vermişlər. Kardiologiya kafedrasından professor Faiq Quliyev, dosent Kəmalə Zahidova müxtəlif panellərdə sədrlik etməklə müzakirələrdə iştirak etmişdirlər.