14-16 dekabr tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə 2-ci Milli Pediatriya Konqresi keçirildi. Konqresdə 400-dən çox həkim iştirak edirdi.
Açılış zamanı ölkədə tibbi pediatriya və onun inkişafı, gənc pediatrların nailiyyətlərinə dəstək, pediatrların hüquqları, dünyanı bürümüş qlobal problemlər fonunda uşaqların sağlam olmalarını təmin etməyin əhəmiyyətindən danışıldı. Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-eksperti, Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının assistenti Erkin Rəhimov II Milli Pediatriya Konqresinin məqsəd və hədəflərindən danışdı.
Konqresdə ölkəmizi təmsil edən mütəxəssislərlə yanaşı Türkiyə, Livan və Şimali Kipr Türk Respublikasından dəvət edilmiş məruzəçilər də çıxış etdilər.
Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının əməkdaşları elmi proqrama qatılaraq konqresdə məruzələrini təqdim etdilər. Dosent Sənubər Vəliyeva "İnək südü zülallarına allergiyası olan körpələrdə aminturşu formulaların istifadəsi", "Uşaqlarda vitamin və mikronutriyent defisitlərinin əsas risk faktorları", dosent Nigar Hacıyeva "Uşaqlarda yuxarı tənəffüs yolları problemlərinin fəsadsız müalicə növü", dosent Nailə Rəhimova "Antibiotiklərə qarşı rezistentlik problemi" mövzusunda məruzələrlə çıxış etdilər. Kafedranın müdiri professor Rəqsanə Məmmədova "Pediatriyada antibiotiklər” panelində həmsədrlik etdi.
Konqresin işində kafedranın digər əməkdaşları dosent M.Qaraxanova, dosent F.Qarayev və t.ü.f.d. S.Əliyeva da iştirak etdilər.