
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu 2023/2024-cü tədris ilində «Tibbi kosmetologiya» üzrə 4 aylıq ödənişli əsaslarla yenidən hazırlıq kursları keçirəcəkdir. Kursun məqsədi «Tibbi kosmetologiya» üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik, bacarıq və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunmasıdır. Kurs müddətində qeyri-invaziv (depilyasiya, darsonvalizasiya, üzün kosmetoloji təmizlənməsi, kriomassaj, kriosuvarma, üzün, boynun, sinə nahiyyəsinin əllə tibbi massajı, dərinin apparatla pilinqi, səthi pilinq) və invaziv (inyeksion toxuma dolğularının yeridilməsi, botulizm toksini məhsullarının inyeksiyası, çapıq toxumanın inyeksion korreksiyası, mezoterapiya, biorevitalizasiya, orta qat pilinq, dərman preparatlarının inyeksion yeridilməsi), həmçinin aparat metodlarından istifadə edərək müalicə prosedurlarının aparılması (darsonvalizasiya, genişzolaqlı işiq impulsları ilə müalicə, örtük toxumalarına lazer vasitəsi ilə təsir, maqnit terapiyası, mikrocərəyan terapiyası, radiotezlikli təsir, fonoforez, elektromiostimulyasiya, elektroforez, toxumaların ultrabənövşəyi şüalandırılması), dırnaq lövhələrinin işlənilməsi prosedurunun yerinə yetirilməsi (dırnaq lövhələrinin qeyri-infeksion patoloji dəyişiklikləri zamanı apparatla işlənməsi), destruksiyaların aparılması (elektro-, lazer, radiodalğalı koaqulyasiya, kriodestruksiya) və dəridə yenitörəmələrin müxaniki götürülməsi bacarıqları mənimsəniləcəkdir.
Kursun keçirilməsində yerli və xarici mütəxəssislər iştirak edəcəkdir. Kursun praktik hissəsinın Respublika Diaqnostika Mərkəzinin bazasında təşkili nəzərdə tutulur. 2023/2024-cü tədris ilində kursun keçirilməsi müvafiq olaraq 26.02.2024-25.06.2024-cü il tarixlərində planlaşdırılır. Kurslara həkim-dermatoveneroloqlar, o cümlədən iş stajından asılı olmayaraq dermatovenerologiya ixtisası üzrə rezidenturanı yeni bitirmiş bütün həkimlər qəbul edilir. Kursu müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq təsdiqləyici şəhadətnamələr təqdim olunacaqdır.