Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresi keçirilmişdir

12.12.2022

09-11 dekabr 2022-ci ildə Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) XI Milli Konqresi keçirilmişdir. Bu tədbirdə cəmiyyətin 800-dən çox üzvü ilə birlikdə Avropa və Asiyanın bir çox dövlətlərindən çoxsaylı məruzəçilər də iştirak etmişlər. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini İlqar Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı Direktoru Vüqar Qurbanov və AKC-nin sədri Üzeyir Rəhimov çıxış etmiş, görülən işlərdən, qarşıda duran vəzifələrdən danışmış və konfransın işinə uğurlar arzulamışlar.
Konqres müddətində 2 zalda 14 sessiya keçirilmişdir. Burada praktik və nəzəri kardiologiyanın müxtəlif məsələləri, aparılan milli elmi araşdırmaların nəticələri müzakirə olunmuşdur. Eyni zamanda satellit simpoziumlar, kliniki hal yarışması da keçirilmişdir. Konqres müddətində keçirilən "Təkmil EKQ kursu", "Kardiak anatomiya kursu" və "Təkmil exokardioqrafiya kursu" kurslarında həkim-kardioloq və rezidentlər məmnuniyyətlə iştirak etmişlər.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının professoru İsax Mustafayev "Arterial hipertenziyanın müalicəsində yeniliklər", "Eplerenon-ürək çatışmazlığının müalicəsində uğurlu seçim", dosenti Samir Mehdiyev "İşemik kardiomiopatiyada cavablandırılmayan suallar", kardiologiya kafedrasının dosenti Kəmalə Zahidova "Revaskularizasiya mümkün olmayan və refrakter stenokardiyalı pasientlərin idarə olunması" mövzularında çıxışlar etmişlər. Çıxışlar konqres iştirakçıları tərəfindən maraqla dinlənilmiş və suallara cavablar verilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX