Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ilk ortodontiya kafedrası təsis olunmuşdur.
Birinci ortodontiya kafedrasının yaradılması tarixi hadisədir və kafedra əməkdaşlarının üzərinə ixtisaslı həkim-ortodont kadrlarının hazırlanması və “Ortodontiya” ixtisasının aktiv inkişaf etdirilərək müasir standartlara cavab verən səviyyəyə çatdırılması vəzifəsi qoyur.
İnstitutun rektoru professor Nazim Qasımovun imzaladıgı əmr əsasında ortodontiya kafedrasının müdiri vəzifəsinə t.ü.e.d. Ziba Qasımova, kafedranın assistentləri vəzifəsinə t.ü.f.d. O.F.Qasımov və t.ü.f.d. Q.B.Əliyeva təyin edilmişlər.
Ortodontiya kafedrasında kadrların hazırlanması və bu ixtisasın sonrakı inkişafı üçün geniş proqram nəzərdə tutulmuş, xüsusi olaraq, rezidentlərin Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən bəyənilmiş 3 illik proqram üzrə hazırlanması, digər ölkələrdən olan rezident-ortodontlar üçün 6 aylıq kursların, sonradan ortodont sertifikatı almaq istəyən həkim-stomatoloqlar üçün 2 həftəlik kursların keçirilməsi də planlaşdırılmışdır. İmtahan sualları və klinik tapşırıqların işlənib hazırlanması, Azərbaycan dilində elmi-metodik materialların hazırlanması, elmi kadrların gələcək hazırlığı da nəzərdə tutulmuşdur.
Ortodontiya kafedrası tərəfindən keçirilmiş ilk tədbir kafedra əməkdaşlarının Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyəti (APOC) ilə birlikdə Gəncədə keçirdikləri ortodontiyanın aktual məsələlərinə həsr olunmuş konfrans oldu.
Konfransda tanınmış professor Will Andews(ABŞ) “Orafasial harmoniyanın 6 elementinin müzakirəsi” mövzusunda onlayn məruzə ilə çıxış etdi. Onun məruzəsi ətrafında müzakirələr apardıqdan sonra konfransda ortodontiya kafedrasının müdiri, t.ü.e.d. Ziba Qasımova “Azərbaycanda ortodontiyanın inkişaf perspektivləri” mövzusunda, Sevinc Qarayeva “Gəncədə uşaq stomatologiyasının və ortodontik xidmətin vəziyyəti, imkanları və perspektivləri” mövzusunda, APOC-un vitse-prezidenti İqbal Süleymanov "Skeletal Class III sinfin qeyri-cərrahi üsullar və ortodontik korreksiyalar ilə müalicəsi"mövzusunda, ortodontiya kafedrasının assistenti, t.ü.f.d. Orxan Qasimov “Ortodontik təcrübədə elm və texnikanın son nailiyyətlərinin tətbiqi” mövzusunda məruzələrlə çıxış etmişlər. Konfransda eyni zamanda Gəncədən olan praktik həkimlər müxtəlif kliniki müalicə nümunələrinin təqdimatları ilə də çıxış etdilər.