Rezidentimiz 73-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmişdir

24.09.2022

18.09.2022-22.09.2022-ci il tarixlərində Fransanın paytaxtı Parisdə 73-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. İlk dəfə 1950-ci ildə yenə də Paris şəhərində keçirilmiş konqres dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbir hesab olunur. Qeyd etmək lazımdır ki, 25 oktyabr 2019-cu il tarixində Beynəlxalq Astronavtika Federasiyasının ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən iclasında Bakı şəhəri 2023-cü ildə keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmışdır. Bu konqreslərdə beynəlxalq kosmik qurumlar, kosmik texnologiya istehsalçıları, müxtəlif dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı tibbi mütəxəssislər də iştirak edirlər. Bu ilki konqresdə iştirak edən tibb mütəxəssisləri arasında Azərbaycanı Azərbaycan Milli Elmlər Akademiyasının professoru Kənan Yusif-zadə, Milli Onkologiya Mərkəzinin İnvaziv Diaqnostika və Müalicə şöbəsinin müdiri, Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin sədri Fərid Quliyev və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının qastroenterologiya ixtisası üzrə rezidenti Ayçin Həsənova təmsil etmişlər. 110 ölkədən 9300-dən çox nümayəndənin qatıldığı konqresin “Medicine in Space and Extreme Environments” sessiyasında professor Kənan Yusif-zadə və doktor Ayçin Həsənovanın canlı təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Çıxışın sonunda konqres iştirakçılarına 2023-cü ildə Bakı şəhərində keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə dəvət səsləndirilmişdir.
22.09.2022-ci il tarixindəki yekun iclasda isə Beynəlxalq Astronavtika Konqresinin rəhbərliyi rəsmi olaraq ölkəmizin beynəlxalq astronavtikaya verdiyi dəyər, elmi axtarışların aktuallığını qeyd edərək Beynəlxalq Astronavtika Federasiyasının bayrağını 74-cü konqresə ev sahibliyi edəcək Azərbaycanın nümayəndə heyətinə təqdim etdilər.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX