Əməkdaşımız Qırğızıstan Otorinolarinqologiya Cəmiyyətinin 6-cı konqresində iştirak etmişdir
28.06.2022
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli 24-25 may tarixlərində Bişkek şəhərində keçirilən Qırğızıstan Otorinolarinqologiya Cəmiyyətinin 6-cı konqresində iştirak etmişdir.
Konqresin ilk günündə dosent R.Həşimli Qırğızıstan Tibb Akademiyası otorinolarinqologiya kafedrasındakı həmkarlarına və gənc həkimlərə "Səs xəstəliklərinin müalicəsi" mövzusunda seminar keçmiş və onlarla bərabər səs problemləri olan xəstələrin müayinəsini həyata keçirmişdir. Eyni zamanda konqresin elmi proqramında həm "Foniatriyanın əsasları" mövzusunda çıxış etmiş, həm də "Gənc otorinolarinqoloqlar" panelində moderator kimi iştirak etmişdir. Əməkdaşımız tərəfindən keçirilmiş seminar və xəstə müayinəsi sonrası çox saylı gənc qırğız otorinolarinqoloqlar institutumuza gələrək, "foniatriya" sahəsində öz bilik və bacarıqlarını artırmaq, kafedramızın əməkdaşlarının təcrübəsindən öyrənmək istəklərini bildirmişlər. Konqres prezidenti tərəfindən elmi işə göstərdiyi dəstəyə görə Fəxri fərman və qırğız milli geyimi ilə təltif olunmuşdur.
Dosent Ramil Həşimli konqresə müxtəlif ölkələrdən qatılan həmkarları Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sentyabrda keçiriləcək konqresinə dəvət etmişdir. Konqresin gedişində əməkdaşımızın Baş katibi olduğu Mərkəzi və Qərbi Asiya Qulaq, burun, boğaz və baş boyun cərrahiyyəsi cəmiyyəti İdarə Heyətinin iclası keçirilmiş, görülmüş və görüləcək işlər müzakirə olunmuş və Bakıda sentyabr ayında keçiriləcək konqresdə genişləndirilmiş İdarə Heyəti iclasında növbəti iki il üçün fəaliyyət planının müzakirə olunaraq qəbul olunması qərarı alınmışdır.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.