"Hipertoniya üzrə 1-ci Bakı Beynəlxalq Təlim kursu" başa çatmışdır 16.03.2021
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı, Uptodate İn Medicine və Bakı Kardiovaskulyar Akademiyasının texniki və təşkilati dəstəyi ilə 25 fevral-15 mart 2021-ci il tarixlərində Bakıda "Hipertoniya üzrə 1-ci Bakı Beynəlxalq Təlim kursu" keçmişdir. Təlim kursunda Türkiyə, İtaliya, İspaniya və İsrailin aparıcı beynəlxalq ekspertləri ilə yanaşı Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyəti, Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Azərbaycan Kardiologiya Cəmiyyətinin aparıcı mütəxəssisləri də onlayn formatda iştirak etmişlər. Azərbaycan və xarici ölkələrdən 130-dan çox kardioloq, terapevt, reanimatoloq, ailə həkimi və pediatrın qatıldığı bu beynəlxalq virtual təlimdə "Yüksək qan təzyiqinin diaqnostikası və müalicəsi", "Preoperativ hipertenziya", "Təcili və təxirəsalınmaz hipertenziv halların farmakoterapiyası", "Renovaskulyar hipertenziya", "Böyrək çatışmazlığı olan pasiyentlərdə hipertoniya" və digər 35-dən çox mövzu üzrə təqdimatlar edilmiş və interaktiv sual-cavab sessiyaları aparılmışdır.
Təlimdə Avropa Hipertoniya Cəmiyyəti Fondunun prezidenti, Avropa Hipertoniya Cəmiyyəti və Beynəlxalq Hipertoniya Cəmiyyətinin keçmiş prezidenti, Elmi Milano Bicocca Universitetinin Klinik Fiziologiya və Hipertoniya Mərkəzinin direktoru, Avropa Hipertoniya Cəmiyyətinin prezidenti Professor Dr. Giuseppe Mancianin "Arterial hipertenziyanın müalicəsi üzrə Avropa Kardiologiya Cəmiyyəti və Avropa Hipertoniya Cəmiyyətinin tövsiyələri", Avropa Hipertoniya Cəmiyyətinin vitse-prezidenti, İspaniyanın Valensiya Universitetinin pediatriya kafedrasının professoru, Valensiya xəstəxanasının pediatriya şöbəsinin müdiri Professor Dr. Empar Lurbenin "Hipertenziya üzrə Avropa Cəmiyyətinin uşaq və yeniyetmələrdə yüksək qan təzyiqinin müalicəsinə dair 2016-cı il tövsiyələri" və Türkiyənin Hipertoniya və Ateroskleroz Dərnəyinin rəhbəri və Avropa Kardiologiya Cəmiyyətinin Hipertoniya üzrə İşçi Qrupunun sədri, Professor Dr. Serap Erdinin "Rezistent Hipertoniya", Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasından Professor Dr. Valeh Mirzəzadə "Şəkərsalıcı terapiyanın kardiovaskulyar aspektləri" və Professor Dr. İsax Mustafayevin "Şəkərli diabet tip 2 xəstələrində arteriyal hipertenziyanın müalicəsi" mövzularında çıxışları xüsusi maraqla qarşılanmışdır. Təlimdə edilmiş bütün təqdimatların videoları www.ecourses.az portalında yerləşdiriləcəkdir.
Təlimin yekununda test imtahanını uğurla tamamlayan iştirakçılara Ə.Əliyev adına ADHTİ tərəfindən sertifikatlar təqdim edilmişdir.
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|