Belarus Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti ölkəmizdəki rezidentura təhsil sistemi ilə tanış olmuşlar

10.12.2021

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu uzun illərdir ki, keçmiş sovet ittifaqının ayrı-ayrı respublikaları, həmçinin Amerika, Türkiyə, Avstriya və bir çox xaricı ölkələrin ali tibb təhsili müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq uzun illər ərzində daim inkşaf edir və genişlənir. Həmin beynəlxalq əlaqələrin davamı olaraq 06-09 dekabr 2021-ci il tarixində Belarus Respublikası Səhiyyə Nazirliyinin təşkilat-kadr baş idarəsinin rəisi O.N.Kolyupanovanın, Belorusiya Tibb Diplomdansonrakı Təhsil Akademiyasının rektoru A.N.Çukanovun və digər rəsmi şəxslərin Bakıya işgüzar səfəri baş tutmuşdur. Nümayəndə heyətini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nigar Əliyeva qəbul etmişdir.Görüşdə ölkəmizin Belarus Respublikası ilə müxtəlif sahələrdə olan geniş əlaqələri arasında səhiyyə, o cümlədən tibb təhsili sisteminin inkişafı haqqında müzakirələr getmiş, gələcək perspektivlər haqqında danışılmışdır.
Qeyd etmək lazımdır ki, Belorusiya Tibb Diplomdansonrakı Təhsil Akademiyası ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında çoxillik əməkdaşlıq təcrübəsi və fəaliyyəti mövcuddur. Hal-hazırda bu əməkdaşlıq Ə.Əliyev adına ADHTİ və Belorusiya Tibb Diplomdansonrakı Təhsil Akademiyasının rektorları tərəfindən 2016-cı ildə imzalanmış iki təhsil müəssisəsi arasında əməkdaşlığın yeni, daha yüssək səviyyəsini müəyyən edən müqavilə əsasinda inkişaf edir. Müqaviləyə görə hər iki müəssisənin elm, təhsil və səhiyyə bölmələri arasında əsaslı əməkdaşlıq və təcrübə mübadiləsi keçirilmişdir. Bu əməkdaşlıq çərçivəsində Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim və həkim heyəti, eyni zamanda institutun digər əməkdaşları və rezidentləri dəfələrlə Belorusiyaya ezam olunaraq müxtəlif tədris, elmi-praktik və digər tədbirlərdə fəal iştirak etmişlər. Əməkdaşlıq elektron, videokonfrans müzakirələr çərçivəsində müxtəlif formtlarda da həyata keçirilmişdir. Sonrakı illərdə Ə.Əliyev adına ADHTİ-nin rektoru professor N.A.Qasımov və BTDTA-nin o vaxtki rektoru professor D.M.Nitkin arasında imzalanmış yeni müqaviləyə əsasən Ə.Əliyev adına ADHTİ və BTDTA-da işçi qrupları yaradılmışdır. Bu qruplara hər iki tərəfdən institutun və akademiyanın professor-müəllim heyətindən nümayəndələr daxil edilmişdir. İşçi qrupları arasında mütəmadi olaraq onlayn telekörpü keçirilir və planlaşdırılmış işlər müzakirə olunur, innovativ araşdırmaların və onların tibb elminə tətbiq olunması haqqında qarşılıqlı informasiya mübadiləsi aparılır, konfranslar, seminarlar və digər elmi-tədris tədbirləri planlaşdırılaraq həyata keçirilir. Mühazirələrin, seminarların, konsultasiyaların, master-klasların aparılması üçün hər iki tərəfdən professor-müəllim heyətindən nümayəndələr ayrılmışdır. Yeni müqavilənin bağlanmasından sonra keçən qısa müddət ərzində BTDTA-nın professor-müəllim heyəti tərəfindən cərrahlıq, anesteziologiya və reanimatologiya, mamalıq və ginekologiya, səhiyyənin təşkili və menecmenti, neonatologiya üzrə 5 səyyar kurs keçirilmişdir. Ə.Əliyev adına ADHTİ tərəfindən professor-müəllim heyətindən Belorusiyada təkmilləşmə kursları keçmək üçün 6 nəfər ezam olunmuşdur.
Hər iki müəssisə keçirəcəyi elmi tədbirlər haqqında daim bir-birini məlumatlandırır. BTDTA-nın təsisçi olduğu “Cərrahlıq” jurnalında institutun əməkdaşları mütəmadi olaraq məqalələr dərc etdirirlər. Eyni zamanda, Ə.Əliyev adına ADHTİ-nin təsisçi olduğu “Tİbb və Elm” jurnalında BTDTA-nın əməkdaşları öz məqalələrini dərc etdirilər. Elmi-tədqiqat layihələrinin hazırlanmasında, tibb üzrə monoqrafiyaların və dərs vəsaitlərinin yazılmasında birgə fəaliyyət göstərilir, kafedralar arasında birgə elmi-tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq edilir. Həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində mütəxəssislərimiz təhsil proqramlarının birgə hazırlanmasında və yenilənməsində də iştirak edirlər.
Ölkəmizdə 2009-cu ildə Azərbayvan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış və 2011-ci ildən fəaliyyətini davam etdirən rezidentura təhsil sistemində milli ali tibb kadrlarının hazırlanmasındakı nailiyyətlərimiz də diqqətdən qaçmamışdır. Təsadüfi deyil ki, bu gün Belorusiya hökümətinin respublikamızda təşkil olunmuş tibb təhsilinin bu formasına marağı böyükdür və nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədlərindən biri də məhz bu qabaqcıl təsrübənin öyrənilməsidir.
Ə.Əliyev adına ADHTİ-da institutun rektoru professor N.A.Qasımov, prorektorlar T.H.Eyvazov və M.T.Meybəliyevin Belarus Respublikası Səhiyyə Nazirliyinin təşkilat-kadr baş idarəsinin rəisi O.N.Kolyupanova, Belorusiya Tibb Diplomdansonrakı Təhsil Akademiyasının rektoru A.N.Çukanova və həmin Akademiyanın prorektoru A.V.Platonov ilə görüşündə də bu məsələ diqqət mərkəzində olmuşdur. Tədbirdə tərəflər son vaxtlarda təmsil etdikləri təhsil müəssisələrin həyatında baş vermiş yeniliklər, pandemiya şəraitində institutların fəaliyyəti, əməkdaşlıq haqqında bağlanmış ikitərəfli müqavilə çərçivəsində görülmüş işlər barədə müzakirələr aparmış,yeni şəraitdə gələcək dövrdə birgə fəaliyyət istiqamətlərini müəyyən etmişlər.Qonaqlar bildirmişlər ki, Belarusiya hökuməti tibb sahəsində aparılan islahatlar çərcivəsində ali tibb kadrlarınıın rezidentura sistemində hazırlanması məsələsini planlaşdırır və bu işdə bir sıra ölkələrin modelləri öyrənildikdən sonra Azərbayvan modelinə üstünlük verilmişdir. ADHTİ-nin rektoru professor Nazim Qasımov ölkəmizdə rezidentura təhsilinin yaradılmasının hüquqi aspektləri, internatura təhsil formasından üstnlüyü, onun əvəzlənməsinin zəruriliyi, rezidenturanın təşkili, əldə edilmiş nailiyyətlər və s. barədə qonaqlara ətraflı məlumat vermişdir.Görüş işgüzar şəraitdə keçmiş, nümayəndə heyətini maraqlandıran bütün məsələlərə aydınlıq gətirilmiş,qarşıya çıxan problemlərin həlli yolları göstərilmişdir. Görüşün sonunda institutlar arasında 2022-2024-cü illər üçün fəaliyyət proqramı imzalanmışdır.
Səfər zamanı belorusiyalı qonaqlar Ə.Əliyev adına ADHTİ-nin rezidentlərinin təhsil aldığı bir neçə baza tibb müəssisələrində olmuş,yerlərdə yaradılmış şəraitlə və təhsilin səviyyəsi ilə tanış olmuşlar. İnstitutun rezidentura şöbəsində qonaqlara tədrisin təşkili, idarə olunması, sənədləşmə, məzunların bölgələrə təyinatı və s. kimi məsələlər haqqında məlumat verilmişdir. Bu zaman təhsil modelinin özünü doğrultması, yüksək keyfiyyətli tibb kadrlarının hazırlanması, məzun olmuş rezidentlərimizin istər dövlət, istərsə də özəl sektorda aparıcı mövqelərdə çalışması qonaqların diqqətinə çatdırılmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX