Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdi. Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi idi.
XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Faciə ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində vurğulandığı kimi, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifəsi olmuşdur. Dövlət başçısının müraciətində deyilir: “Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür”. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmışdır. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuş və bilmişlər ki, onlar öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları qətlə yetirməkdən çəkinmirlər. Hər il Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100 nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır.Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, uşaq rəsmləri sərgiləri təşkil olunur.
Hər il fevralın 26-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Bu faciədən keçən 29 il ərzində doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa edilməsi ümidi ilə yaşayırdılar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirdilər. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Vətəndaşlarımız ümid edirdilər ki,bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər vaxt gələcək tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. İndi həmin vaxt gəlib çatdı. Faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi.Vətən müharibəsində qazanilmış şanlı qələbə Azərbaycanın sərhədlərinin tam bərpasına gətirib çıxardı. Xocalı soyqırımı qurbanlar verildiyinə baxmayaraq həmin faciəli gün inam və sınaq günü kimi də yadda qaldı. Qəhrəman xalq 2020-ci ildə qazandığı müzəffər qələbə ilə özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etdi və souqırım törətmiş cinayətkarların cəzalanması vaxtının çatdığını elan etdi.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi də bütün Azərbaycan xalqı kimi Xocalı soyqırımının qurbanlarının xatirəsini daim yad edir. Fevralın 26-da institutun bütün kafedra və klinikalarında səhər işə başlarkən bu faciəli gün və qətlə yetirilmiş soydaşlarımızın xatirəsi anılaraq bir dəqiqəlik sükutla yad ediləcək, Xocalı soyqırımını törədənlərin hamısının layiqli cəzalarına çatmaları tələb ediləcəkdir.