“Ailələrə dəstək üzrə ev ziyarətçilərinin hazırlanması”na dair növbəti təlim keçirilmişdir

27.06.2021

Son illər kiçik yaşlı uşaqların sağlamlığının və inkişafının təmin olunmasına qlobal olaraq maraq xeyli artmışdır. MDB ölkələrində səhiyyə sistemi antenatal qulluq, ixtisaslı tibbi işçilərinin iştirakı ilə doğuşun aparılması və uşaqlara lazımi qulluğun təmin edilməsi, immunlaşdırma, uşaqların böyüməsinin monitorinqi, geniş yayılmış uşaq xəstəliklərinin müalicəsi kimi xidmətlər vasitəsilə hamilə qadınların və kiçik yaşlı uşaqların ailələrinin böyük əksəriyyətini əhatə edir.Həmin ölkələrin çoxunda hamilə qadınların,yenidoğulmuşların və kiçik yaşlı uşaqların ailələrinə ev ziyarətləri üzrə xidmətlər təqdim edilir. Lakin bir çox hallarda göstərilən xidmətlərin məzmunu erkən dövrlərdə (mayalanmadan həyatın ilk üç ilinə qədər) uşağın inkişafı üçün vacib olan qlobal məlumatlarla dəstəklənmir.
UNICEF-in keçirdiyi qiymətləndirmələr göstərmişdir ki, hamilə qadın və kiçik yaşlı uşaqların ailələrinə yönəlmiş ev ziyarətləri fiziki sağlamlığa tam dəstək vermir.Ev mühitində uşağın sağlamlığına, rifahına və nailiyyətlərinə təsir edən vacib məsələlər, yəni valideynlər və uşaqlar arasında münasibətlər, uşaqların həssas və qayğıkeş tərbiyəsi, stimullaşdırıcı və təhlükəsiz ev mühiti, uşağa qarşı qəddar münasibət və/və ya laqeydliyin qarşısının alınması, eləcə də risk və ya zəifliyin erkən aşkarlanması hələ də layiqincə həll olunmur. Tibb işçilərinin,demək olar ki, bütün ailələri əhatə etdiyini və onlar arasında etibarlı və nüfuzlu hesab olunduqlarını nəzərə alsaq, ev ziyarəti xidmətlərinin kiçik uşaqların həyatlarına ən yaxşı start verilməsində valideynlərə dəstək üçün vacib olduğu məlum olur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və UNİCEF-in dəstəyi ilə ölkə üzrə “Bəsləyici qayğı üzrə ailələrə dəstək” mövzusuna dair təlimçilər 2019-cu ildən hazırlanır. Artıq bəzi rayonlarda patronaj tibb bacılarının hazırlanmasına dair fəaliyyətlərə də başlanmışdır. Bu fəaliyyətin davamı olaraq 21-25 iyun 2021-ci il tarixində 2 saylı Baza Tibb Kollecində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir şəhərləri, Şəki, Quba, Saatlı rayonlarının tibb kolleclərinin müəllim heyəti üçün “Ailələrə dəstək üzrə ev ziyarətçilərinin hazırlanması”na dair növbəti təlim keçirilmişdir.Təlim paketinin modulları üzrə geniş təqdimatlar və praktiki məşğələlər iştirakçılara təqdim edilmişdir.Təlimlərdə Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri Təkmilləşdirmə İnstitutun pediatriya kafedrasının əməkdaşları dosentlər Mətanət Qaraxanova, Sənubər Vəliyeva və Nigar Hacıyeva təlimçi qismində iştirak etmişlər.
Gələcəkdə də tibb bacıları üçün uşaqların inkişafı və sağlamlığına dair təkmilləşdirilmə kurslarında bu moduların mütəmadi tədris edilməsi onlara ailələrə dəstək olmaq baxımından yararlı olacaqdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX