Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu günün qeyd olunması səhiyyə sahəsinə, o cümlədən tibb işçilərinə göstərilən qayğının parlaq təzahürüdür.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır.Son illər tibbi yardımın müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur.
Ə.Əliyev adına ADHTİ-nin kollektivi də ölkə səhiyyəsində gedən uğurlu dəyişikliklərdə fəal iştirak edir, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə qəbul olunmuş müxtəlif xəstəliklər üzrə Dövlət Proqramlarının yerinə yetirilməsində, iş yerlərində və bölgələrdə vətəndaşlara tibbi yardımın göstərilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Peşə bayramını yeni koronavirus (COVID-19) pandemiyası dövründə qeyd edən əməkdaşlarımız öz vəzifə borclarını yerinə yetirərək bu xəstəliklə mübarizənin ön cərgəsindədirlər və əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verirlər.Bu gün əminliklə demək olar ki, dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla və layiqincə yerinə yetirəcəyik.
Peşə bayramı münasibətilə institutun bütün əməkdaşlarını təbrik edir, hər birinizə uzun ömür, can sağlığı və işlərinizdə uğurlar arzulayıram.
Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov