Ə.Əliyev adına ADHTİ-də COVİD-19 virusu əleyhinə vaksinasiya prosesinə start verildi

19.01.2021

Bu gün bütün dünyanın gündəmini məşğul edən əsas məsələ koronavirus pandemiyasına qarşı mübarizədir. Hər gün bu virusa yoluxanlar və onun qurbanına çevrilənlərin sayı barədə dəhşətli statistikalar açıqlanır. Qeyd edək ki, dünya üzrə rəsmi statistika təhlil edilərsə, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə daha qənaətbəxş olduğunu söyləmək mümkündür. Rəqəmlərin minimumda qalmağına əsas səbəb isə şübhəsiz ki, ölkə rəhbərliyinin vaxtında və düşünülmüş addımlarıdır. Azərbaycan bu gün dünyanı bürümüş pandemiyaya qarşı mübarizədə ən ciddi tədbirlər görmüş ölkələr sırasındadır. Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə səmərəli tədbirlər həyata keçirilir. Tbbi baxımdan ən inkişaf etmiş ölkələrin belə bu xəstəliklə mübarizədə aciz qaldığı bir vaxtda Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıbdır. Dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına səfərbər edibdir. Ölkəmiz bu çətin durumdan az itkilərlə çıxmaq üçün vaxtında qabaqlayıcı tədbirlər həyata keçirərək nümunəvi mübarizə ortaya qoyubdur. Azərbaycanın koronavirusla bağlı mübarizə metodları beynəlxalq aləmdə də təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri bir neçə dəfə yüksək qiymətləndirib, bu sahədə nümunəvi ölkə adlandırıb. Dövlət başçısının ilk gündən atdığı addımlar bütün strukturlar, hətta insanlar üçün nümunə olub, böyük motivasiya rolunu oynayıb. Məhz bunların sayəsində koronavirusa qarşı uğurla mübarizə aparan ölkələr sırasında respublikamız faktiki olaraq ön sıradadır. Dövlətin qəbul etdiyi bütün qanunlar və həyata keçirdiyi bütün tədbirlərdə əsas məqsəd xalqın sağlamlığı və rifah səviyyəsinin qorunmasıdır. Cənab Prezidentin xalqa müraciətlərində də qeyd etdiyi kimi, görülən işlərdə əsas məqsəd insanların sağlamlığının təmin edilməsidir.
Müasir tibbin bəzi dəyişməz və dəyişdirilməz qaydaları var. Qaydalardan biri budur: Hansısa sağlıq probleminin qarşısını almaq və ya həll etmək istəyirsinizsə, ilk olaraq peyvənd və dərmanlardan faydalanmalısınız. COVID-19 pandemiyasında da bu qayda keçərlidir. Deyilənləri nəzərə alaraq ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası” təsdiq edilmişdir. Həmin strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Bu strategiyaya uyğun olaraq Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya başlanmışdır. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır. Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini almışdır. Vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilmişdir, çox effektlidir və mənfi təsirləri olmamışdır.
18 yanvar 2021-ci il tarixində Azərbaycan Səhiyyə Naziri cənab Oqtay Şirəliyev şəxsi nümunə göstərərək koronavirusa qarşı peyvənd olundu və bununla da ölkədə peyvəndvurma tədbirlərinə başlandı. Eyni zamanda müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri də koronavirusa qarşı vaksinasiya tədbirlərinə qoşuldular.
Bu tədbirlərdə ilkin olaraq könüllülük prinsipi əsasında risk qrupuna daxil olan səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə virusa qarşı vaksinlərin vurulması həyata keçiriləcəkdir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları da vaksinasiya olunmalı ilk kollektivlər sırasındadır. Bu gün institutun rektoru professor Nazim Qasımov da koronavirusa qarşı peyvənd olundu və institutun əməkdaşları da kütləvi surətdə peyvəndvurma tədbirlərinə qatıldılar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, həyata keçirilən işlər ölkəmizin bu sınaqdan da minimum itki ilə çıxacağına əminlik yaradır. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də məhz milli birliyimizdir. Biz inanırıq ki, Azərbaycan tezliklə bu mübarizədən də qalib çıxacaqdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX