Hörmətli həmkarlar!
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Müsəlmanlar bu ayda Allah qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini yaşayırlar.Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Hər il Azərbaycanda böyük fərəh və könül xoşluğu ilə keçirilən orucluq mərasimlərinin cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilmişdir.
Bu il xalqımız üçün böyük zəfər ili olmuşdur. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz şanlı qələbə qazanaraq Qarabağı işğaldan azad etmiş və Vətənimizin sərhədlərini bərpa etmişdir. Allah bu qələbəni bizə qazandıran bütün şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq qısmət etsin. Yaşasın müzəffər Azərbaycan ordusu!
Bayram günlərində ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizi təbrik edir, xoşbəxtlik və rifah, xeyirxah işlər arzu edirik. Allah sizin bütün oruclarınızı və dualarınızı qəbul etsin!
Ümidvarıq ki, gündən-günə yeniləşən Respublikamızın çiçəklənməsi naminə bundan sonra da fəallıq nümayiş etdirəcəksiniz.
Ramazan bayramınız mübarək olsun!
Ə.Əliyev adına ADHTİ-nin rektoru
professor Nazim Qasımov