Bu gün müstəqil Azərbaycan Respublikasının qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Ulu öndərin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir. Ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına xidmətləri ilə bütün türk dünyasının fəxrinə çevrilmişdi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev özü bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. O, atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi, Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı.
Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı. Demokratik-hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. Azərbaycan dünyada yüksək imicə malik olan ölkə kimi tanınır, dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bu gün paytaxt Bakı və Respublikamızın digər şəhərləri mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır.
Heydər Əliyev idarəçiliyi məktəbinin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının nail olduğu mühüm qələbələr, sürətli sosial-iqtisadi inkişaf, böyük quruculuq işləri, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşması, insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin bugünkü reallığı olmaqla Ümumilli liderin xatirəsinə ən böyük hədiyyədir.
Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi qələbə qazanıldı. Qələbə nümayişi Silahlı Qüvvələrimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu şanlı qələbəni xalqımız haqlı olaraq qürurla, böyük sevinclə bayram edir və Ulu öndər Heydər Əliyevin adı ilə bağlayır. Bu gün tam əminliklə demək olar ki, Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində ölkəmizi qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.