Hörmətli həmkarlar!
Hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə ürəkdən təbrik edirəm. Qoy yeni il sizə yalnız gözəl, sevincli günlər gətirsin. Süfrəniz həmişə bərəkətli olsun.
2020-ci il arxada qalır. Bu il xalqımız üçün böyük zəfər ili olmuşdur. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz şanlı qələbə qazanaraq Qarabağı işğaldan azad etmiş və Vətənimizin sərhədlərini bərpa etmişdir. Allah bu qələbəni bizə qazandıran bütün şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq qısmət etsin. Yaşasın müzəffər Azərbaycan ordusu!
İnstitutumuzun kollektivi bu ildə bir çox nailiyyətlər qazanmışdır. Beləki, onlarla yeni kurslar təşkil edilmiş, tədris prosesində innovasion metodlardan geniş istifadə olunmuş, bütün kafedralarda davamlı tibb təhsili sistemi prinsipləri bərqərar olmuşdur. İnstitutumuzun əməkdaşları səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının effektliliyini təmin edə bilən tibbi kadrlar hazırlığı prosesini müvəffəqiyyətlə davam etdirmişlər.
Yeni koronavirus (COVID 19) pandemiyası ilə əlaqədar hal-hazırki karantin dövründə tədris prosesində boşluq əmələ gəlməməsi üçün ixtisasartırma kurslarının onlayn tədrisi daha da təkmilləşdirilmiş, genişləndirilmiş və bütün kafedraları əhatə etmişdir. Distant təhsilin bütün formalarının istifadə imkanlarının həkimlər üçün əlçatanlığı təmin edilmiş və bu iş mütəmadi olaraq aparılaraq pandemiya dövründə institut qarşısında qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsinə və ən əsası Davamlı Tibbi Təhsilin fasiləsizliyinə nail olunmuşdur.
Eyni zamanda ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərdə institutumuzun əməkdaşları da aktiv iştirak etmişlər.
Institutumuzun kollektivi ölkə səhiyyəsində gedən dəyişikliklərdə də yaxından fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə qəbul olunmuş müxtəlif xəstəliklər üzrə Dövlət Proqramlarının yerinə yetirilməsində, iş yerlərində və bölgələrdə vətəndaşlara tibbi yardımın göstərilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.
Üzümüzə gələn 2021-ci ildə bizi daha böyük işlər gözləyir, əminliklə demək olar ki, dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələri uğurla və layiqincə yerinə yetirəcəyik.
Bir daha sizi bu gözəl bayramlar münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram.
Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov