9 May Bayramınız mübarək! 09.05.2020
Bu gün 9 May - Qələbə günüdür və alman faşizmi üzərində qələbədən 75 il ötür. Bu müharibədə azərbaycanlılar istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək mübariz yol keçmiş və nəticədə 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişlər.
Həmin vaxt Azərbaycan iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.
Eyni zamanda müharibə illərində Azərbaycanın səhiyyə orqanları, müəssisələri, həmçinin ali və orta məktəblərinin, elmi-tədqiqat müəssisələrinin işi yenidən qurulub və hər şey cəbhənin tələbatını ödəməyə yönəldilmişdi.Bu vaxt Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun kollektivi də bütün işlərini hərbi sahənin tələblərinə uyğunlaşdırdı. Müharibə illərində 2034 nəfər həkim-müdavim institutda müxtəlif ixtisaslar üzrə təkmilləşmə kursları keçmiş, bu dövrdə də institutun bütün professor-müəllim heyəti və həkim-müdavimlər yaralılara və əhaliyə yüksək ixtisaslı tibbi yardım göstərilməsi işini müvəffəqiyyətlə davam etdirmişlər. Müharibənin ilk vaxtlarından institutun bir çox əməkdaşları konüllü olaraq cəbhəyə getmiş, yaxud səfərbər olunmuş, digər əməkdaşlar isə 2 qat artıq əmək sərf edərək, vətən və xalq qarşısında olan borclarını şərəflə yerinə yetirmişlər. Müharibə illərində hərbi-səhra cərrahiyyəsi, yoluxucu xəstəliklər və s. ixtisaslar üzrə qısa müddətli kurslar təşkil edilmiş, cəbhənin tələbatı nəzərə alınmaqla həkimlər hazırlanmışdır. Bunların nəticəsi olaraq, institutun əməkdaşlarından professorlar Axundova-Bağırbəyova, Əliyev, Vəlixan və Yaqubov Lenin ordeni ilə təltif edilmişlər.
Bu qələbənin qazanılmasında veteranlarımıza çox borcluyuq.Ona görə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşırdı.Ulu Öndərimizin bu siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çeviribdir.
Şərəfli döyüş yolu keçmiş Azərbaycan veteranlarını Qələbə günü münasibətilə təbrik edirik. Dünyasını dəyişən igid oğullarımızın xatirəsini isə dərin ehtiramla yad edirik.
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|